Qadin.NET / Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin

Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin

Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin


Son zamanlar özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrində insanların həyat və sağlamlığına zərər vurulması ilə bağlı vətəndaşlardan Səhiyyə Nazirliyinə və digər dövlət orqanlarına çoxsaylı müraciətlər daxil olub.

Qadin.Net xəbər verir ki, Nazirliyin Analitik Ekspertiza Mərkəzindən trend-ə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olub ki, əksər müraciətlərdə tibbi təhsili və lisenziyası olmayan müxtəlif şəxslər tərəfindən qanunsuz tibb fəaliyyətinin həyata keçirilməsi, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, əcnəbilərin və Azərbaycanda daimi yaşayan və vətəndaşlığı olmayan şəxslərin Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə almadan tibb fəaliyyəti ilə məşğul olması, özəl tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan kənar işlər üzrə tibbi xidmətlərin göstərilməsi, əmək müqaviləsi və tibbi təhsili təsdiq edən müvafiq sənədləri olmadan bəzi tibb işçilərinin tibb fəaliyyəti ilə məşğul olması, əhaliyə keyfiyyətsiz tibbi xidmət göstərilməsi və tibb işçilərinin etik davranış qaydalarını pozması, heç bir əsas olmadan pasiyentlərdən əlavə ödəniş tələb edilməsi və digər bu kimi xoşagəlməz hallar olub:

"Bildiririk ki, Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, o cümlədən əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ixtisas sənədləri Azərbaycan Respublikasının ərazisində qüvvədə olması müvafiq qaydada təsdiq edilməli, həmçinin Nazirlər Kabinetinin 12.01.1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları"na əsasən, həmin şəxslər yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında ölkə ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxılmalıdır. Yuxarıda qeyd edilən xoşagəlməz hallarla rastlaşdıqda "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun tələblərinə əsaslanaraq, müraciət etdiyiniz tibb müəssisəsinin özəl tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən lisenziyanın və əlavənin mövcudluğu, sizi müayinə və müalicə edən tibb işçisinin (həkim, tibb bacısı) müvafiq ixtisas sənədlərinin (diplom, sertifikat, ölkə ərazisində işləməyə icazə verən şəhadətnamə) olub-olmaması barədə məlumatları yerində tələb etməyiniz məqsədəmüvafiqdir. Hüquqlarınız pozulduğu hallarda tibb müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilərsiniz. Həmçinin Səhiyyə Nazirliyinin qaynar xətt xidmətinə də bildirə bilərsiniz. Qanunlara uyğun olaraq, tibb işçisi öz peşə vəzifələrini lazımınca yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə intizam, inzibati və digər məsuliyyətə cəlb oluna bilər".

31 may 2018
GO BACK