Qadin.NET / Donvurma zamanı ilk tibbi yardım

Donvurma zamanı ilk tibbi yardım

Donvurma zamanı ilk tibbi yardım


Donvurma aşağı hərarətin toxumalara yerli təsiri nəticəsində baş verir. Ona adətən bədənin açıq yerləri - burun, qulaq və ətraflar məruz qalır. Uzun müddət soyuq temperaturda olarkən orqanizm bədən temperaturunu tənzimləyə bilmir. Dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Aclıq və ya zəif qidalanma, qan itirmə, yorğunluq, qocalıq, orqanizmi zəiflədən xəstəliklər, spirtli içkilər və s. səbəblərdən də orqanizm donmaya məruz qalır.

Qadin.Net bildirir ki, AZƏRTAC-ın müxbirinə donvurma barədə məlumat verən paytaxtdakı 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-terapevti Məlahət Osmanova qeyd edib ki, donvurma səthi və dərin ola bilər. Onun dediyinə görə, yanıqdan fərqli olaraq onun dərəcəsini ilkin baxış zamanı yox, yalnız 12-24 saatdan sonra təyin etmək mümkündür. Donvurma zamanı zədələnmiş nahiyədə hissiyyatın itməsi, dərinin həssaslığının kəskin azalması, zədələnmiş nahiyənin quruması, keyləşməsi, donmuş sahənin bərk və ya yumşaq olması, şişkinlik, isinəndən sonra suluqların əmələ gəlməsi, dəri rənginin dəyişməsi, barmaqlarda gizildəmə, qızdırılma zamanı don vuran yerin ağrı verməsi, yanğı hissi və s. əlamətlər yaranır.

Donvurma zamanı ilkin tibbi yardım barədə danışan həkim deyib: "Tibbi yardımın əsas prinsipi zədələnmiş nahiyəni isitmək və təkrar soyumadan qorumaqdır.

Zərərçəkənin xəstəxanaya çatdırılması gecikdikdə zərərçəkən isti yerə aparılmalı, ayaqqabıları və əlcəkləri çıxarılmalı, donmuş nahiyə normal rəng almırsa, zədələnmiş nahiyə ehmalca 20 dərəcə olan suya salınır. Təxminən 10 dəqiqə ərzində suyun temperaturu 38-40 dərəcəyə qədər qaldırılır. Çalışmaq lazımdır ki, suyun hərarəti 41 dərəcədən artıq olmasın və həmin temperaturda qalsın. Zədələnmiş nahiyə dəri yumşaq, çəhrayı rəng alana və əl vurduqda istilik hiss edilənə qədər isti suda saxlanılmalıdır. Donmuş yeri isidəndə orada şiddətli ağrılar ola bilər. Toxumaların sonrakı zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya salarkən qabın dibinə və divarlarına dəyməməlidir.

Əgər isti su yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə və s. yaxın saxlanılır. Üz kimi açıq nahiyələrə təzyiq göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında və ya sinədə qızdırmaq olar.

Bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan zərərçəkənə isti çay və yemək verilir, suluqlar deşilmir, zədələnmiş nahiyəni əllə ovuşdurmaq, sürtmək və ona təzyiq göstərmək olmaz.

Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların infeksiyalaşmasına və dəridə yerləşən toxumaların zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq olmaz. Dərin donma zamanı donmuş ətraf hərəkətsizləşdirilir. Yüngül hallar istisna olmaqla donma zamanı həkimə müraciət edilməlidir.

Donvurmaya məruz qalmamaq üçün həkim bəzi məsləhətlər də verib: "Kəskin soyuq zamanı düzgün qidalanmaq, quru və isti geyinmək lazımdır. Hava soyuq olanda yun və xəz paltardan istifadə etdikdə bədən və paltar arasında isti hava qatı yaranır. Sıx toxunmuş lifləri olan çoxqatlı paltar orqanizmin ətrafındakı isti havanı qoruyub saxlayır. Donmadan qorunmaq məqsədilə üst-üstə bir neçə qat paltar geyinmək olar, lazım gəldikdə paltarlardan birini çıxarıb bədənin hərarətini tənzimləmək mümkündür. Qışda papaq geyinmək istiliyin başdan xaric olmasının qarşısını alır.

İşə getməzdən əvvəl, iş vaxtı və işdən sonra çoxlu maye içmək lazımdır. Uzun müddət soyuqda qalanda əllərin şişərək göyərməməsi üçün onu ovuşdurmaq və mütləq əlcək geyinmək, ağrılar olduqda fəal şəkildə tərpətmək lazımdır".

25 yanvar 2018
GO BACK