"Çin restoranı" sindromunu qida dadlandırıcılarına qarşı allergiya kimi də qəbul etmək olar. Son illər Çin mətbəxinin pərəstişkarları artdığına görə həmin sindroma tutulanların da sayı çoxalıb. Çin yeməklərindən dadanlarda bəzən baş ağrıları, dəri solğunlaşması və ya üzdə qızarma, tərləmə və ürəkdöyünmə əlamətləri yaranır. İlk dəfə keçən əsrin 60-cı illərində aşkar olunan sindromun daha ağır formalarında astmatik tutmalar, hətta əl və ayaqların tamamilə keyiməsi də olur. Əgər Çin mətbəxinin xörəyi və ya hər hansı hazır qidalarını qəbul edərkən dodaqların ətrafında yanma və keyimə yaranırsa, həmin sindromdan şübhələnmək lazımdır. Əhalinin təxminən 30 faizində həmin sindroma rast gəlinir və simptomlar 20-60 dəqiqə çəkir.
Qadin.Net bildirir ki, bu barədə məlumat verən həkim-terapevt Esmira Zeynalova AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: "Tədqiqatçılardan bəziləri "Çin restoranı" sindromunun əmələ gəlməsini mononatrium qlütamat adlı qida dadlandırıcısı ilə əlaqələndirir. Həmin maddə yarımfabrikatlar, çipsilər, tez hazırlanan şorba və əriştə, kolbasa məhsulları, hazır souslar, bulyon kubları və bütün fast-fudların hazırlanmasında istifadə olunan E621 aromatizatorudur. Hətta bəzən onu qida narkotiki də adlandırırlar. Onun əsas səbəbi dadlandırıcı qatılmış qidalara alışanların sadə xörəklərin dadını hiss etməməsi və həmişə qlütamatlı qidalara meyl etməsidir.
Müasir dövrdə sintetik yolla alınan mononatrium qlütamat əslində orqanizm üçün o qədər də yad maddə deyil və bütün zülalların tərkib hissəsi olan qlütamin turşusundan əmələ gəlir. Qlütamin turşusu təzə tərəvəzlərə, mal və toyuq ətinə iştahaçıcı dad və ətir verir. Qidaların bişirilməsi və konservləşdirilməsi zamanı həmin turşunun miqdarı kəskin azaldığına görə onun dadında da mənfi keyfiyyət dəyişikliyi baş verir. Elə buna görə də konservləşdirilmiş və polietilen torbalara yığılmış bütün məhsullara dad vermək üçün mononatrium qlütamat kimi dadlandırıcılardan istifadə olunur".
Həkim daha sonra deyib: "Əgər "Çin sindromu" özünü yüngül formada, başağrıları, istilikbasma və tərləmə ilə büruzə verirsə, həkimin müayinəsinə o qədər də ehtiyac olmur. Xörəkdən imtina etmək və bol miqdarda maye, xüsusən bitki dəmləmələri içməklə sindromun inkişafının qarşısını almaq mümkündür. Aptek çobanyastığı, yatıqqanqal otu dəmləmələrindən istifadə etmək məsləhət görülür. Lakin ağrı əzələ spazmı, güclü ürəkdöyünmə, ürək nahiyəsində sıxılma, döş qəfəsi və qollarda ağrı, tənəffüsün pozulması, boğazda şişkinlik və qıcıqlanma yaranırsa, mütləq həkim çağırmaq lazımdır.
Ömründə bircə dəfə də olsun "Çin restoranı" sindromu yaşayanlar qidalanmaya xüsusi fikir verməlidirlər. Onlar hazır yeməklər, xüsusilə də tez hazırlanan şorba və əriştə, konservləşdirilmiş ət və balıq məhsulları, bulyon kubları, çipsi, hazır suxarılar, restoranlarda isə ədviyyatlı souslardan istifadə etməməli, qida sifariş verərkən dadlandırıcılara qarşı allergiyası olduğunu söyləməlidirlər".
Həkim daha sonra bir xəbərdarlıq da edib: "Uşaqların, xüsusilə 3 yaşına qədər olanların yeməyinə heç bir qida əlavəsi, o cümlədən mononatrium qlütamat qatılmamalıdır. Yaxşı olar ki, evdə bişən yeməklərə, ümumiyyətlə, dadlandırıcı əlavə edilməsin. Onlar ağız dadını dəyişməklə yanaşı allergiya da törədir. Uşaqlar fast-fuddan imtina etmək istəmədikdə, heç olmazsa, həmin qidalara məhdudiyyət qoyulmalıdır. Qəbul edilən mononatrium qlütamatın sutkalıq norması 0,5 qramdan artıq olmamalıdır".