Payız mövsümünün gəlişi ilə təzə çəkilmiş şirələrin dövrü başlayır. Alma, yerkökü və çuğundurdan hazırlanmış şirə həm cismə, həm də əqlə faydalı olan saysız-hesabsız keyfiyyətləri sayəsində əsl sehrli içki sayılır. Orqanizmə şəfaverici təsiri və çox asan hazırlanması bu şirəni bütün dünyada populyar edib. Bunun üçün sadəcə bazardan alma, yerkökü və çuğundur alıb, onları şirəçəkən maşından keçirmək lazımdır. Vəssalam.
Qadin.Net AZƏRTAC-a istinadən bildirir ki, tərkibində cəmi iki tərəvəzin və bir meyvənin olmasına baxmayaraq, bu şirə çox bəsləyicidir. Belə ki, almanın tərkibində A, B1, B2, B6, C, E və K vitaminləri, habelə fol turşusu, sink, maqnezium, kalium, fosfor, kalsium, natrium və dəmir kimi maddələr var. Yerkökü A, B1, B2, B3, C, E və K vitaminləri, nikotin və pantoten turşuları, habelə kalsium, maqnezium və selenlə zəngindir. Yerkökü bütöv şəkildə deyil, məhz şirə halında maksimum faydalıdır. Çuğundur ürək-damar xəstəliklərinin qarşısını alır. Bu tərəvəz A, C, B qrupu vitaminləri, dəmir, mis, maqnezium, kalsium, habelə qocalmanı yavaşıdan digər bəsləyici maddələrlə zəngindir. Gün ərzində orqanizmi gümrah vəziyyətdə saxlamaq məqsədi ilə onu bütün zəruri bəsləyici maddələrlə təmin etmək, habelə ona uzunmüddətli faydalı təsir göstərmək üçün alma, yerkökü və çuğundurun kombinasiyası yetərlidir.
Alma-yerkökü-çuğundur şirəsi müxtəlif daxili orqanları, məsələn, böyrəkləri, qaraciyəri və mədəaltı vəzi sağlamlaşdırmaq üçün əla vasitədir, onları müxtəlif xəstəliklərdən qoruyur, ürəyi və ağciyəri möhkəmləndirir. Bir neçə il əvvəl bu şirə ağciyər xərçəngindən əziyyət çəkənlərə tövsiyə olunub. Şirə xərçəngin digər növlərini də müalicə edir, çünki bu xəstəliyi törədən hüceyrələrin böyüməsinin qarşısını alır.
Təzə çəkilmiş şirə paket və butulkada satılan şirələrdən çox-çox faydalıdır. Ancaq başa düşmək lazımdır ki, şirə nə desertdir, nə də içkidir, o, müalicəvi-profilaktik məhsuldur. Buna görə də ehtiyatla və düzgün şəkildə içilməlidir. Məsələn, 3-10 yaşlı uşaqlara bu şirəni müalicəvi məqsədlə gündə iki dəfə vermək olar. Özü də bir porsiya 30 milliqramdan çox olmamalıdır. Şirəyə 1+1 nisbətdə içməli su da əlavə oluna bilər.
Meyvə-tərəvəzin şirəsini çəkmək üçün əvvəlcə onları yaxşı-yaxşı yumaq, zədələnmiş yerlərini kəsib götürmək lazımdır. Şirə çəkilən kimi dərhal içilməlidir, onu soyuducuda saxlamaq olmaz, çünki 10-15 dəqiqə ərzində turşuma prosesi gedir və tərkibindəki vitaminlər məhv olur. Əgər körpəniz qastritdən, digər mədə-bağırsaq yolu pozuntularından əziyyət çəkirsə, yaxud allergiyaya meyllidirsə, ona təzə şirə içirtmək üçün mütləq həkimin icazəsi lazımdır. Bundan əlavə, bu şirəni soyuqdəyməsi olan uşaqlara vermək də məsləhət deyildir, çünki selik ifrazını stimullaşdırmaqla, öskürək və zökəmi gücləndirir.