Dağıstan Respublikasının paytaxtı Maxaçkala şəhərində keçirilən “Tarki-Tau 2017” Beynəlxalq Kitab Sərgisində Azərbaycanı “Hədəf” və “Xan” nəşriyyatı, “Kitabevim.az” mağazalar şəbəkəsi təmsil edib. Məlumata görə, artıq 6-cı ildir keçirilən kitab bayramında bu il yerli və Rusiyanın bir sıra şəhərlərindən olan nəşriyyatlarla yanaşı, Belorusiya, Sloveniya, Slovakiya və Qazaxıstanda fəaliyyət göstərən nəşriyyatlar da iştirak edib. Azərbaycanın bu sərgidə ilk iştirakı da böyük maraqla qarşılanıb. Azərbaycandan olan nümayəndə heyəti “Hədəf” nəşrlərinin direktoru detektiv yazıçı Müşfiq Xan, “Xan” nəşrlərinin direktoru Rahil Zülfəliyev, “Kitabevim.az” mağazalar şəbəkəsinin direktoru Emin Sadiqov və “Ustad” dərgisinin koordinatoru, tərcüməçi Səbuhi Şahmursoydan ibarət olub.
Yazıçı Müşfiq Xan deyir ki, “əsasən azərbaycandilli kitablardan ibarət olan stendimiz tematik zənginliyilə rusdilli oxucuların yüksək marağına səbəb oldu. Xüsusilə “Xatirə ədəbiyyatı” seriyasını heyranlıqla qarşıladılar. Əlbəttə ki, sərgidə azərbaycan dilini bilən və ya əvvəllər Azərbaycanda yaşayıb, sonra Rusiyaya köçən oxuculara da rast gəldik və kitablarımıza qarşı onların əksəriyyətinin isti münasibətini gördük. Sərginin formatı satış etməyə imkan verirdi, amma məlum məsələdir ki, məqsədimiz orada ölkəmizi təbliğ etmək idi və sonda apardığımız bütün kitabları Dağıstan Mərkəzi Kitabxanasına hədiyyə etdik”.
“Kitabevim.az”ın direktoru Emin Sadiqov da qısa təəssüratlarını bölüşdü: “Doğrusu, əvvəlcədən məqsədimiz azərbaycandilli kitabların və ümumilikdə, region üçün önəmli olan bu sərgidə Azərbaycanın, ədəbiyyatımızın, nəşrlərimizin təbliği olsa da, bir istəyimiz də kitab bazarının formalaşdığı bu qonşu ölkədəki nəşriyyatlarla, bu işlə məşğul olan agentliklərlə əlaqə yaratmaq idi. Bu mənada xeyli uğurlu tanışlıqlar oldu. Qarşılıqlı əlaqələrin formalaşması yönündə ilkin addımlar atıldı, şifahi razılaşmalar əldə edildi. Ümumilikdə, təəssüratlarım müsbətdir”.
“Xan” nəşrlərinin direktoru Rahil Zülfəliyev isə bu təcrübənin sırf peşəkarlıq nöqteyi-nəzərindən faydalı olduğunu bildirdi. “Rusiya nəşriyyatları regionda öz peşəkarlığıyla istər-istəməz seçilir. Bizim hələ təzə-təzə götür-qoy etdiyimiz metodları onlar çoxdan təcrübədən keçirib və hansının daha effektiv olması barədə kifayət qədər deyəcəkləri var. Bu mənada müxtəlif görüşlərimiz oldu, suallarımızı cavablandırdılar. Nəşriyyatçılıqda ümumi strategiyanın yönləri barədə öz təcrübələrini bölüşdülər. Etiraf edim ki, xeyli maraqlı metodlar haqda məlumatlar aldım, zamanla bu cür görüşlərin çox olmasını istərdim”.
Səbuhi Şahmursoy isə Rusiya nəşriyyatlarının ixtisaslaşma prinsipiylə işləməsinə, bununla da əksəriyyətinin konkret auditoriyaya müraciət etməsinə diqqət çəkdi. “Dəyirmi masada keçirilən görüşdəki söhbətlərdən məlum oldu ki, təkcə Rusiyada deyil, başqa ölkələrdən gələn nəşriyyatlar da bu təcrübənin tətbiqindən razıdırlar. Məsələ belədir ki, sərgidə iştirak edən əksər nəşriyyatın kitabları konkret mövzuları hədəfləmişdi. Sonradan bunun prinsip olduğunu gördük. Tirajlara baxanda tematikanın zəngin olduğu Azərbaycan nəşriyyatlarının fəaliyyəti haqda öyrənəndə onlardakı marağı görmək lazım idi. Qazaxıstandakı rusdilli oxucuların çoxluğunu nəzərə alıb, onların uğurunu anlamaq olar, amma məsələn, Sloveniya nümayəndə heyətinin çıxışından anladım ki, dil məsələsinin lokallığı yerli nəşriyyatları konkret mövzu üzrə ixtisaslaşmağa sövq edir. Necə deyərlər, onlara belə işləmək rahatdır, hər kəsin bəlli oxucu kütləsi var və nəşriyyatın yalnız öz məhsulunu reklam edib satmaqdan başqa dərdi yoxdur, ağına-qarasına kitabçılığı təbliğ etmək, oxucularda zövq formalaşdırmaq və s. kimi problemlər həmin ixtisaslaşmış nəşriyyatları narahat etmir. “Başını salıb işini görür” və əmindir ki, arxasında onun müraciət etdiyi mövzular üzrə kitabları gözləyən oxucu ordusu var. Orada heyran qaldığım bir məqamı da vurğulayım. Məsələn, Sloveniyanı təmsil edən bir özəl nəşriyyat bütün ölkənin nəşriyyatlarını piar edir və bunu öhdəlik kimi görürdü. Bizə verdikləri kataloqda Sloveniyada fəaliyyət göstərən bütün nəşriyyatların əlaqə vasitələri vardı. Məncə, elə onların uğurları elə bu birlik və təəssübkeşlikdədir.”
Qeyd edək ki, “Tarki-Tau 2017” Beynəlxalq Kitab Sərgisində Azərbaycanı təmsil edən nümayəndə heyəti artıq geri qayıdıb.