Qadin.NET / 4 yaşlı şahzadə məktəbə getdi - Ona heç bir güzəşt edilməyəcək

4 yaşlı şahzadə məktəbə getdi - Ona heç bir güzəşt edilməyəcək

4 yaşlı şahzadə məktəbə getdi - Ona heç bir güzəşt edilməyəcək


Britaniya kraliçası 2-ci Yelizvetanın nəvəsi, Şahzadə Uilyam belə deyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onun oğlu, 4 yaşlı Corc bu gün məktəbə gedib.

Kiçik şahzadə Londonun cənub-qərbindəki Battersi səmtindəki "Thomas Day School" özəl məktəbində oxuyacaq.

Balaca şahzadənin anası, Kembric hersoginyası, 35 yaşlı Ketrin Middlton oğlu ilə məktəbə gedə bilməyib. Səbəb üçüncü övladına hamilə hersoginya Ketrinin nasaz olmasıdır. Həkimlərin dediklərinə görə, onda "Hyperemesis Gravidarum" xəstəliyi var. Bu xəstəlik hamiləliyin ilk 12 həftəsi zamanı qadınlarda toksikoz, bihallıq, ürəkbulanma və başağrıları ilə müşayiət olunur.

"Thomas's London Day Schools" şəbəkəsi "Thomas's Preparatory Schools" və ya sadəcə, "Thomas's" kimi tanınır. Şəbəkəyə Londonun Kensinqton, Battersi, Çelpem və Fulhem səmtlərində 4 özəl məktəb, habelə Battersidə "Kindergarten" özəl bağçası daxildir.

Britaniyanın ən məşhur və ən nüfuzlu orta məktəblərindən sayılan "Thomas"ı bitirənlərin total əksəriyyəti İton, Malboro, London, Ridli, Kral Kolleci və Vestminster Kolleci kimi təhsil müəssisələrində oxuyurlar.

"Thomas's"ın əsasını 1971-ci ildə məşhur britaniyalı aktrisa, üç övlad anası Coanna Tomas qoyub. 6 il sonra isə şəbəkəyə onun əri, sabiq zabit Devid Tomas rəhbərlik etməyə başlayıb.

Londonda nüfuzlu özəl təhsil ocaqlarından sayılan "Thomas's" məktəblərində illik təhsil haqqı 20 min funt-sterlinqdir.

Şahzadə Corcun təhsil alacağı məktəbin direktoru Saymon O-Mellinin dediyinə görə, tədris və təlim-tərbiyə prosesində Britaniya kraliçası 2-ci Yelizavetanın nəticəsinə heç bir güzəşt edilməyəcək.

"Bu gənc şahzadə taxt-tacın varisidir. Lakin valideynlərinin kimliyi, şahzadə Corcun hansı ailəyə mənsub olması bizim nəzərimizdə onu məktəbdəki digər uşaqlardan ən cüzi şəkildə ayırmaq, əlahiddə tutmaq, xüsusi davranış sərgiləmək üçün əsla əsas sayıla bilməz. Gənc hersoq, şahzadə Corc bizim üçün, sadəcə, şagirddir", - S.O-Melli söyləyib.

Kiçik şahzadənin oxuyacağı məktəbdə bir zamanlar Frens Uelç, Kara Delevinn, Maki Delevinn də təhsil alıblar.

Məktəbdə adi, "rutin" fənlərlə yanaşı incəsənət, balet, dram sənəti, informasiya texnologiyaları, fransız və latın dilləri, musiqi də tədris olunur.

Həmin fənlərin istisnasız olaraq hamısını elmlər doktoru titullu pedaqoqlar tədris edirlər.

540 şagirdi olan məktəbdə təhsil müddəti valideynlərin seçimindən asılı olaraq 9, 11 və 13 ildir. 13 illik təhsil kursu məktəbdə 4 yaşında hazırlıq kurslarında oxumağa başlayan şagirdlər üçündür.

Məktəbdəki təhsilin ilk 4 ilində uşaqlara ev tapşırıqları verilmir.

Britaniyanın gələcək kralı, 4 yaşlı Corc səhər saatlarında şən görünsə də, sonradan məktəbə yollandığını anlayanda dəcəllik edib, əhvalı pozulub.

Kiçik şahzadəni təhlükəsizliyini 6 polis zabiti təmin edəcəklər. Onların məktəbə daxil olmağa ixtiyarları yoxdur.

8 sentyabr 2017
GO BACK