Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov "SABAHın müəllimi" adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumilikdə bir neçə il ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji heyətinin yeni, müasir dövrün tələblərinə uyğun şəkildə seçilməsi qarşıya tələb formasında qoyulub.
Rektor əlavə edib ki, ən mühüm işlərdən biri müəllim kollektivinin və tələbələrin motivasiyasının yüksəldilməsi istiqamətində addımlardır.
Bu gün ADPU-nun Bakı filialında 800-ə qədər pedaqoji heyətin çalışdığını söyləyən C.Cəfərov deyib ki, ali məktəbdəki 114 vakant yerə 500 sənəd verilib. Onların 150-dən çoxu namizədliyini kənardan verib.
C.Cəfərov qeyd edib ki, bundan başqa, universitetdə 200-300 nəfərlik texniki personalın, laborant heyətinin, kitabxana işçilərinin attestasiyası keçirilir.
Rektor hesab edir ki, bunlar pedaqoji sahədə durğunluğun pozulması və bu sahədə olan fəaliyyəti stimullaşdırmağa dair atılan addımlardır.
Onun sözlərinə görə, ölkədə insan kapitalının inkişafı məhz təhsil alan şəxslərin müasir bilik və bacarıqlara yiyələnməsi yolu ilə mümkün ola bilər.
Rektorun fikrincə, bu günün tələbləri olan gələcək müəllimlərin gələcəkdə dərs seçdiyi sinifdə qarşısına çıxa biləcək həqiqət və reallıqlara uyğun şəkildə hazırlanmaları ən əsas strateji hədəfdir:
"Müasir dövrün valideynləri övladlarının gələcək dövrün hədəflərinə uyğun şəkildə yetişdirilməsi üçün yeni yollar və formullar axtarırlar. Yeni minilliyin nəsli olaraq xarakterizə edilən, internetlə kompüter, planşetlə və ağıllı telefonlarla boğulan uşaqları öyrətmək və tərbiyə etmək sözün həqiqi mənasında çox çətindir. Bu işin öhdəsindən gələ biləcək müəllim kadrların hazırlanması təhsil müəssisələrinin qarşısında yeni tələblər qoyur".
Milli.Az