Müxtəlif millətlərin nümayəndələrinin məskunlaşdığı Azərbaycanda Novruz ənənələri də rəngarəng olur. Bu bayram böyük bir etnos kimi sadəcə Azərbaycan xalqının deyil, həm də ərazidə kompakt şəkildə yaşayan milli azlıqların da sevimli ənənəsi halına gəlib.
Milli.Az xəbər verir ki, qafqazinfo ilaxır çərşənbədə ölkəmizdə məskunlaşmış etnik azlıqların bəzilərinin adətləri ilə maraqlanıb:
Buduqlular ilaxır çərşənbədə bütün qonşulara bayram aşı aparırlar
Qubanın Yalavanc kəndinin ağbirçəyi Mədinə Hacıyeva deyir ki, əvvəllər bayram günü evdə plov bişəndə qonşulara mütləq bir qab yemək çəkməliydin. Vaxt ötdükcə bu, ənənə halına gəlib:
"Hər ilaxır çərşənbədə qadınlar əllərində şamla küçələrə düşürdü. Həmin günü daha qonşu gəzməkdən birtəhər oluruq. Hələ əvvəllər həyətdə nə qədər yer var, şam qoyurduq ki, küçəyə çıxanda aydınlıq olsun. Onda birinin həyətində tövləsi yandı, ondan sonra qadınlar əllərində şamlarla gəzirlər. Bəziləri çoxbilmiş olur. Elə ona qonşudan gələn aş qabını digər qonşuya aparır. Belə-belə bir də görürsən ki, aşın hərlənib fırlanıb elə öz qapına gəlib. İndi aş aparanlar azalıb, çox yaxın qonşuya şirniyyat, bayram sovqatı verirlər".
Talışlar nişanlı qızlara ağzında üzük olan balıq aparır
Lənkəranın Şirinsu kəndinin sakini Aygün Kazımova çərşənbə axşamı talışların süfrəsinin "olmazsa olmaz"ının kütüm balığı olduğunu bildirir:
"Bundan başqa, göyərtidən səbzi kükü hazırlanır, tərə bişirilməlidir. Bu üç yemək mütləq çərşənbə süfrəsində olmalıdır. Lənkəranda çərşənbə günü çay üstə gedirlər. Musiqilər qoyulur, hamı oynayır. Çay üstə gedəndə hər kəs öz və ya uşağının saçından, dırnağından, paltarların ucundan kəsib bir parçaya büküb suya atır. Bu da dərd-bəlanı özündən uzaqlaşdırmaq mənasına gəlir. Biz tərəfdə hər il bayram bazarlığında mütləq bardaq alınır. O bardaq su ilə doldurulub evə gətirilir və həyət-bacaya səpilir. Çərşənbə axşamı stol bəzənərkən kənara bir bütöv çörək, bir də su qoyurlar. Onlar səhərə kimi elə qalır. Səhər oyananda ailə üzvlərinin üzünə vurulur və çərşənbə suyu adlanır.
Bundan başqa, bayram axşamında nişanlı qızlara bayram xonçası ilə birlikdə ağzında üzük olan balıq da aparılır".
Lahıclılar artıq budaqları yandırır
"Baxtı man, baxt tı Əli, Çorşənbiho pırənbəri" - Lahıcda ocağın və suyun üstündən atlayan zaman insanların dediyi bu ifadənin tərcüməsi "bəxtimə bəxt ver, Əli, çərşənbələrdə pırənbər yetir"dir. Belə ki, lahıclılar üçün ətirli, ənbərli yeməklər vacib sayılır. Bayram səhəri hər bir evdə yağlı ətlə qarışdırılaraq qabıqsız buğda yeməyi, kişmişli süd aşı, ballı quymaq və doşablı xəşil bişirilir. Yaxınlıqdakı meşədən ardıc ağacından xırda budaqlar kəsib evə aparır, sonra isə evdə həmin budaqları əvvəlcədən köz tökülmüş manqaldakı odda yandırırılar. Ardıcın yanmasından əmələ gələn xoş qoxulu tüstü ev əhlinə xüsusi bir əhval-ruhiyyə gətirir.
Ləzgilər heç vaxt papaq atmır
Hazırda Azərbaycan əhalisinin 2 faizini təşkil edən ləzgilərdə Novruz bayramının adı "Yaran suvar"dır. Qusarın Mucuq kəndindən olan Rəşad Əmirgünəyev cavanların hər çərşənbədə mütləq qohum ziyarətlərinə getdiklərini, ailə dəyərlərinin ləzgilər üçün vacib faktor olduğunu deyir:
"Bayram günlərində yeməklər əsasən dənli bitkilərdən hazırlanır. Bu da bolluq, bərəkət rəmzi sayılır. Mütləq təndir çörəyi bişirilir və səməni halvası - "sələma" hazırlanır. Bundan başqa, "çaxar"- yarma aşı, "afar"- qutab, "skan" - kələm, soğan, kartof, ət, un olan bir neçə qatdan ibarət kömbə çörək də süfrələrin əvəzedilməzidir. Cavan qızlar həyətlərdə qutab bişirir. Bayram günü ləzgiləri ocağı həyətdə deyil, təpələrin başında qalayar. Ləzgilər papaq atmaqdansa, əlinə torba alıb qonşuya gedirlər. Söhbətləşdikdən sonra qonağın torbasına pay qoyulur.
Milli.Az