Heç şübhəsiz ki, son illərin ən ciddi xəstəliklərindən biri də köklük problemidir. Artıq çəkidən əziyyət çəkən insanlar bir çox üsuldan istifadə etsələr də, çox vaxt nəticə əldə edə bilmirlər. Üstəlik arıqlamaq üçün qəbul edilən dərmanların sağlamlığa mənfi təsiri də qaçılmaz olur.
Milli.Az atv.az-a istinadən bildirir ki, arıqlamaq üzrə türkiyəli mütəxəssis, diyetoloq Pınar Kural Ənç artıq çəkidən azad olmağın iki qızıl qaydasını açıqlayıb:
1) Səhər yuxudan erkən qalxıb kalorili təbii qida qəbul etmək.
2) Gün ərzində balanslı qida qəbul etmək (eyni miqdarda eyni vaxtda, ən əsası təbii qidalar qəbul etmək).
Həkimin sözlərinə görə, əgər insanlar qidalanmayla bağlı səhvələri aradan qaldıra bilsə, ideal bədən quruluşuna sahib olmaq çətin olmaz. Diyetoloq qeyd edir ki, qida qəbul etmədən arıqlamağa çalışanlar ciddi səhvə yol verirlər. Belə olduqda, bədəndəki maddələr mübadiləsi pozulur, nəticədə ilk günlər arıqladığını görən insanlar zaman keçdikcə daha çox kökəlməyə başlayır. Artıq çəkidən azad olmaq üçün səhər yuxudan erkən oyanmaq və qısa müddət sonra qida qəbul etmək əsas şərtdir. Çünki səhər saatları maddələr mübadiləsinin ən fəal olduğu vaxtdır. Bu zaman qəbul etdiyiniz kalorili qidalar mübadilə nəticəsində bədənə asanlıqla yayılar, bu da günorta və axşam saatlarında həmişəkindən dəfələrlə az qida qəbul etməyinizə səbəb olar.
Həkim bildirir ki, insanlar səhərlər az qida qəbul etməklə və ya ümumiyyətlə qəbul etməməklə arıqlaya biləcəyini düşünürlər. Belə olduqda günboyu insanda aclıq hiss yaranır. Nəticədə günorta və axşam saatlarında qəbul edilən qidalar maddələr mübadiləsinin zəif fəaliyyət göstərdiyi vaxta təsadüf edir ki, bu da kökəlməyə gətirib çıxarır. Kökəlməkdən qorxan insanlar günorta və axşam saatlarında da süfrə başında oturmaqdan çəkinməsinlər. Əgər səhər saatlarında düzgün qidalanmısınızsa, sonrakı yemək vaxtlarında istəsəniz də normadan artıq yeyə bilməyəcəksiniz.
Həkimin dediklərindən belə qənaətə gəlmək olar ki, ideal bədən quruluşuna sahib olmaq üçün əlavə və təhlükəli vasitələrə ehtiyac yoxdur. Düzgün qidalanma hər şeyin həllidir.
Milli.Az