Qadin.NET / Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Dövlətimizin başçısı bildirib ki, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayram insanları savab əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.

Prezident İlham Əliyev islam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli mənəvi dəyərlərə hörmətin həmişə xüsusi həssaslıqla qorunub saxlanıldığını vurğulayıb. Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda müxtəlif milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur: "Eyni zamanda, məmnunluqla deyə bilərik ki, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri bəşəri hadisə olan Ramazan bayramına böyük sevgi ilə yanaşır, ölkəmizin multikultural ənənələrini ehtiramla qoruyurlar".

"İnsanlarda vəhdət və humanizm duyğularını, Allah və vətən sevgisini daha da gücləndirən Ramazan bayramı hər il olduğu kimi, bu il də bütün xalqımız tərəfindən böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edilir. Bu əziz bayram günlərində sizi və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı bir daha təbrik edir, hər birinizə firavanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət arzulayıram", - deyə Azərbaycan prezidenti bildirib.

Milli.Az

4 iyul 2016
GO BACK