Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobus su kanalına düşüb. ANS PRESS-in “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 14 nəfər ölüb.
Məlumata görə, avtobus ibtidai məktəb şagirdlərini ekskursiyadan gətirərkən Cevdediye qəsəbəsi ərazisində su kanalına aşıb. Qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib. Dərhal qəza yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub. Xilasetmə əməliyyatlarını effektli aparmaq üçün kanala gələn su axını dayandrılıb.Qəza nəticəsində ümumən 14 nəfər həlak olub. Hadisədə həyatını itirənlərdən 6-sı məktəbli, 8-i isə sürücü də daxil olmaqla yetkin insanlardır. Qəzada daha 26 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır.
Osmaniyə qubernatoru Kərəm Al bildirib ki, ekskursiyanı məktəblilərin valideynləri təşkil edib. Bunun üçün valideynlər gəzinti ximətləri təklif edən bir şirkətlər razılığa gələrək 2 avtobus kirayələyib. Məktəbin bu ekskursiyaya aidiyyatının olmadığı deyilib.
Mənbə: ANS PRESS