Qadin.NET / Azərbaycanda dolu yağma halları 10 dəfəyədək artıb

Azərbaycanda dolu yağma halları 10 dəfəyədək artıb

Azərbaycanda dolu yağma halları 10 dəfəyədək artıb
Azərbaycanda 1881-ci ildən (Azərbaycanda ilk dəfə olaraq, Bakıda ilk meteoroloji məlumatların toplanılmasına başlanılıb) 1960-cı ilədək olan dövrlə müqayisədə 1961-ci ildən indiyədək olan dövr ərzində ölkədə dolu yağma hallarının intensivliyi 10 dəfəyədək artıb.

 

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

 

Onun sözlərinə görə, dolu yağma hallarının artması müxtəlif istiqamətli hava kütlələrinin Azərbaycana daxil olma intensivliyinin artması, yəni cənubdan gələn isti - tropik hava kütlələri, Aralıq dənizi üzərindən gələn cənub siklonları ilə Atlantik okeanı üzərindən gələn mülayim hava kütlələrinin bir-birini tez-tez əvəz etməsi ilə əlaqədardır.

 

M.Həsənov bildirib ki, Azərbaycanda ən çox dolu yağma halları dağətəyi ərazilərdə müşahidə edilir. Ölkə üzrə ən çox dolu yağma halları isə Naxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarının ərazilərində baş verir. Kiçik Qafqazda Goranboy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonları, Böyük Qafqazda Şamaxı, İsmayıllı, Şəki, Zaqatala rayonları da çox dolu yağan ərazilərdəndir.

 

Alimin sözlərinə görə, Bakıda 10 il ərzində 1-2 dəfə dolu yağır. Paytaxta son dəfə dolu 2008-ci ildə düşüb. Ölkə ərazisində dolu yağma halları, əsasən, may-iyun və sentyabrın sonu - oktyabr aylarında müşahidə edilir.M.Həsənov hesab edir ki, Azərbaycanda dolu yağma intensivliyi artdığından və dolunun yağması kənd təsərrüfatı bitkilərinə, evlərin damına, infrastruktura çox ziyan vurduğundan ölkədə sovet dövründə doluya qarşı mübarizə üçün tətbiq edilən təcrübənin - dolu buludlarının atəşlə vurulması təcrübəsindən yenidən istifadə edilməsi daha effektiv olar.

Onun sözlərinə görə, sovet dövründə dolu buludları əmələ gəldikdə atmosferin dolu yaranan hündürlüklərinə "Qrant" adlı raketlərdən atəş açılırdı. Bu zaman orada müəyyən temperatur yüksəldiyindən dolular suya çevrilirdi və nəticədə həmin buludlardan dolu deyil, yağış yağırdı. Dolu buludlarının atəşlə vurulması nəticəsində dolu düşməsinin qarşısı 60-70 faiz alınırdı.

 

Bu təcrübənin yalnız səmərəli nəticə verəcəyinə əmin olan M.Həsənov bildirib ki, sovet dövründə Azərbaycanda dolu əleyhinə mübarizə aparan xüsusi idarə olub: "Hazırda bu təcrübədən istifadə edilmir. Lakin indi həmin təcrübədən istifadə etmək daha məqsədəuyğun və effektiv olardı. Nəzərə alınmalıdır ki, Azərbaycanda üzümçülük geniş yayılıb, dolu da ən çox zərəri üzümə vurur. Çünki dolu, adətən, üzüm yetişən vaxtda düşür".

 

Xatırladaq ki, son bir necə gün ərzində Azərbaycanın rayonlarına dolu düşüb. Dolu yağması, eyni zamanda güclü küləyin əsməsi səbəbindən Gəncə şəhərinin Gülüstan yaşayış massivində problemlər yaranıb. Həmin ərazidə işıq naqilləri qırılıb və əhali təxminən 3 saat işıqsız qalıb.

 

Sinoptiklər sabah da Azərbaycanın rayonlarına dolu düşəcəyini proqnozlaşdırırlar.

 

Mənbə: Trend.Az

 

2 iyun 2016
GO BACK