Qadin.NET / AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub

AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub

 

AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Axundovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbir Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 15 yanvar tarixli sərəncamına əsasən təşkil olunub.

 

 

Tədbirdə alimin həyatı və ictimai-siyasi fəaliyyətindən bəhs olunub.

 

 

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. O bildirib ki, V. Axundovun tibb elmində özünəməxsus yeri var: “Bununla yanaşı, Vəli Axundov böyük ictimai xadim olub. O 10 il müddətində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışıb. Vəli Axundov sadə, qayğıkeş, alicənab, humanist bir insan idi. Vəli müəllim Akademiyada vitse-prezident kimi çalışsa da, qapısı daim açıq olurdu. Biz onunla tez-tez söhbətləşirdik. Mən ona böyük tarixi yol keçmiş insan kimi qulaq asırdım”.

 

 

 

Akademik Əhliman Əmiraslanov qeyd edib ki, V. Axundovun 100 illik yubileyi tək Akademiyada deyil, bütün respublikada geniş şəkildə qeyd olunur: “Vəli Axundov şərəfli, həm də mübariz bir həyat yolu keçib. O səhiyyə naziri vəzifəsinə təyin olunanda ölkədə yoluxucu xəstəliklər tüğyan edirdi. O yoluxucu xəstəliklərə qarşı mübarizə aparıb. Məhz onun təşəbbüsü ilə əhali arasında peyvəndləmə işlərinin aparılması o vaxtlar baş verə biləcək epidemiyaların qarşısını ala bildi. Vəli Axundovun Azərbaycan dilinə olan sevgisi də böyük idi. O səhiyyə naziri vəzifəsinə təyin olunan zaman ilk imzaladığı sənəd bu oldu ki, səhiyyə sistemində yazışmalar Azərbaycan dilində həyata keçirilsin”.

 

 

Millət vəkili Musa Qasımlı V. Axundovun keçdiyi ictimai-siyasi yol haqda məruzə ilə çıxış edib.

 

 

 

Qeyd edək ki, V. Axundov 1916-cı il mayın 14-də Bakı quberniyasının Saray kəndində anadan olub. 1937-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1941-1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlib. 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1954-1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutub. 1958-ci ilin fevralında Azərbaycan KP MK katiblərindən biri seçilib, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilib. 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın I katibi vəzifəsini tutub. 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olub.

 

V. Axundov 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat edib.

Mənbə: APA,Az

31 may 2016
GO BACK