Qadin.NET / Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"

Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"

Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"
Azərbaycanda unikal sterilizasiya qurğusu hazırlanıb. Həmçinin tədqiqat nüvə reaktorunun hazırlanması istiqamətində ciddi iş gedir. Milli.Az xəbər verir ki, bu sahədə görülən işlərlə bağlı Nüvə tədqiqatları  mərkəzinin sədri Adil Qəribov ilk dəfə Region TV-yə açıqlama verib. 

Akademik bu sahəni inkişaf etdirmək üçün Gürcüstan və Ermənistandan fərqli Azərbaycanın həm relyef, həm də vəsait baxımından daha münasib məkan olduğunu deyib.  

Azərbaycanda tədqiqat nüvə reaktorunun hazırlanması üçün strateji plan üzərində iş gedir. Bu prosesdə xarici ölkələrin təcrübəsi öyrənilir. Nüvə reaktoru ölkəmizin təlabatına uyğun tikiləcək. Milli Nüvə tədqiqatları mərkəzinin sədri Adil Qəribovun sözlərinə görə, Sovet İttifaqı Azərbaycanda nüvə texnologiyalarının tədqiqinə qısqanclıqla yanaşmasaydı, bu işlərə hələ çoxdan başlamaq olardı: "Azərbaycanda tədqiqat nevə reaktorlarının yaradılması haqda 1978-ci ildə layihəyə başlanılıb. Amma Azərbaycanda heç bir nüvə obyekti tikilmədi. Ermənistanda "Metsamor" tikildi, Gürcüstanda tədqiqat nevə reaktoru vardır".

İndi isə müstəqillik dövrüdür və Azərbaycan öz siyasi kursunu özü müəyyən edir. Müəyyən siyasi və strateji analizlərdən sonra nüvə texnologiyasının inkişafının ölkəyə xüsusi nüfuz gətirdiyi bəlli oldu. Akademik bildirir ki, Azərbaycan tərəfi yeni texnologiyalarla yanaşı kadr potensialının artırılmasına da böyük diqqət ayırır. 10-a yaxın həmyerlimiz təcrübə keçmək üçün dünyanın müxtəlif ölkələrinə ezam edilib. Beynəlxalq təcrübəyə gəldikdə isə mərkəz həm Dubna hərəkatına qoşulub, həm də Avropa  Nüvə Tədqiqatları Mərkəzi ilə - CERN-lə yaxından əməkdaşlıq edir.

Adil Qəribov: "Bu, Azərbaycan üçün yeni üfüq açır Milli Nüvə Mərkəzinin qarşısında. Azərbaycan gələcəkdə əsrin qlobal təcrübəsində iştirak etməlidir. Gələcəkdə təcrübəli kadrlar yetişdirilməsi də nəzərdə tutulur".

Mərkəzin tətbiq etmək istədiyi digər bir sahə isə nüvə və radiasiyalı texnologiyaların yerli istehsalıdır. Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda unikal sterilizasiya qurğusu hazırlanıb. Adil Qəribovun sözlərinə görə, bu qurğudan dünyada sadəcə 148 ədəd var. Cihaz tibb, ərzaq, kənd təsərrüfatı və digər sahələr üçün faydalı olacaq: "Sentyabara qədər izotopun gətirilməsi nəzərdə tutulur. Bu qurğu çox güclü mənbəyə malikdir. Bu qurğu yüksək gəlir gətirə bilər".

Yaxın perspektivdə isə nüvə texnologiyalarının vacib elementi olan xətti və sinxrotrondan ibarət kompleksin yaradılması nəzərdə tutulur. Bir sözlə, Nüvə Tədqiqatları Mərkəzi Azərbaycanın faktiki olaraq nüvə dövlətinə çevrilməsi üçün işlər görür. 

Mənbə: Milli.Az

28 may 2016
GO BACK