Qadin.NET / Ermənistandan aprel müharibəsi şərti

Ermənistandan aprel müharibəsi şərti

 

Ermənistandan aprel müharibəsi şərti

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların aparılması ilə bağlı növbəti dəfə açıqlama verib.

 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Nalbandyan Avropa Birliyinin Cənub Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Herbert Zalberlə görüşdə danışıqlar prosesinin bərpa edilməsinin mümkünlüyü barədə müzakirələr aparıb.

Ermənistan XİN başçısı İrəvanın aprel döyüşlərinin təkrarlanmayacağı təqdirdə indiki halda danışıqlar masasına oturmağa hazır olduğunu bildirib. Nalbandyanın sözlərinə görə, bu addım danışıqlar prosesinin davam etdirilməsi üçün şərait yaradacaq.

Zalber isə öz növbəsində deyib ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və Avropa Birliyi ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəkləyir.

Edvard Nalbandyan bundan əvvəl də Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan imtina etməsi ilə verdiyi bəyanata əks açıqlama vermişdi.

Belə ki, aprelin 24-də Sarkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə "istənilən an" başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir  və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

"Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil", - Sarkisyan bildirib.

Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə "bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu" cəlb etmişdi.

"Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?" -Sarkisyan deyib.

Lakin qısa müddət sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bəyan etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən imtina etmir.

Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərinə hücum edib. Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçərək qarşı tərəfə sarsıdıcı zərbələr endirib.

Ermənilərin 300-dən çox hərbçisi ölüb, 500-dən çoxu yaralanıb, onlarla hərbi texnikası məhv edilib. Azərbacyan SQ bir sıra strateji yüksəklikləri işğaldan azad edib.

Mənbə: Milli.Az

11 may 2016
GO BACK