Qadin.NET / Sülh istəyən Azərbaycan hərbi gücünü də göstərdi

Sülh istəyən Azərbaycan hərbi gücünü də göstərdi

Sülh istəyən Azərbaycan hərbi gücünü də göstərdi
Azərbaycan vətəndaşı artıq 5 gündür ki, qalibiyyət hissini yaşayır. Bu qalibiyyəti bizə daim arxalandığımız Ordumuz, torpaq üçün canını belə fəda edən igid oğullarımız yaşadıb. Son günlər yaşananlar torpaqlarımızın erməni işğalından tam şəkildə təmizlənərək azad olunacağı günün - QƏLƏBƏ gününün də olduqca yaxınlaşdığını göstərir.

Öz ordusunu özü üçün yıxılmaz, möhkəm bir dayaq sütunu sayan Azərbaycanın hərbi qüdrətini nəinki bizlər - Azərbaycan vətəndaşları, həm də bütün dünya gördü. Və inandı ki, münaqişənin qan tökülmədən, sülh yolu ilə həll edilməsinin tərəfdarı olan Azərbaycan özünün hərbi gücü ilə hər şeyə qadir ola bilər.

Aprelin 2-dən 5-dək həyata keçirdiyi əməliyyatlarla işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbə endirən Azərbaycan Ordusu strateji yüksəklikləri ələ keçirdi, düşməni isə həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilərə məruz qoyaraq, onu panik şəkildə geri çəkilməyə məcbur etdi.

Azərbaycan Ordusunun elə ilk həmlələrindən qorxan ermənilər artıq kəndləri boşaldır və digər yerlərə köçürlər.

Bu əməliyyatlar həm də sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizi ermənilərin daimi təxribatından qurtarıb, ermənilərin intensiv atəşləri altında öz gündəlik həyatlarını yaşamağa məcbur edilmiş dinc əhalimizin ən əsas hüquqları- təhlükəsiz şəkildə yaşaması təmin edilib.

Çox sevindirci haldır ki, bu gün təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələri erməni hərbçilərinin hədəfində deyil. Çünki artıq Azərbaycan hərbçiləri böyük əraziyə nəzarəti həyata keçirməklə yüksəkliklərin digər tərəfində erməni hərbçilərini təhdid altında saxlaya bilir.

Azərbaycan bu əməliyyatları ilə beynəlxalq aləmə həm də qüdrətli ölkə olduğunu, onun vətənpərvər oğullarının döyüşə daim hazır olduğunu göstərdi.

Azərbaycan ordusunun son nailiyyətləri xarici aləmdə bir mənalı şəkildə deyil- bəzən qısqanclıqla, bəzən isə ədalətlə qəbul edilsə də, bu, bir danılmaz faktdır ki, bu gün Azərbaycana qarşı yanaşma dəyişib, ölkəmiz artıq məğlub ölkə kimi qəbul edilmir. İndiyədək Azərbaycanı məhz bu prizmadan qəbul edərək onun haqlı tələblərini qulaq ardına vuran beynəlxalq ictimaiyyət münaqişənin həllini sanki dondurmaq istəyirdi. Münaqişənin həlli üçün vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun isə əslində missiyasının nədən ibarət olduğu məlum deyildi. Danışıq naminə danışıqlar təşkil edən, işğalçı Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görməyən ATƏT-in və beynəlxalq ictimaiyyətin bu laqeydliyinin nəticəsi göz qabağındadır. Ötən 23 il ərzində Azərbaycan yalnız şəhid verdi. "Atəşkəs" elan edən Ermənistanın atəşkəsi pozması nəticəsində necə-necə oğullarımız erməni gülləsinə tuş gələrək qəhrəmancasına şəhid oldu. Bu şəhidliyin nədən baş verməsi ilə maraqlanmayan ATƏT və digər beynəlxalq təşkilatlar isə tarixi torpaqlarımızın erməni işğalından təmizlənməsi üçün heç bir əməli tədbir görmədi.

ATƏT-in Minsk Qrupu, beynəlxalq aləm həm də əmin oldu ki, Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır.

Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq deyilir.

Bu məsələ ilə bağlı bir həssas məqam da qeyd edilməlidir. Bu gün qisas hissi ilə alışan vətəndaşlarımızın döyüşmək istəyi təbii qəbul oluna bilər. Ancaq Azərbaycanın kifayət qədər üstün mövqeyi olduğu bir şəraitdə cəmiyyətdə müharibə çağırışları, hərbi ritorika ölkəmizin əleyhinə işləyir. Bu vəziyyət produktiv danışıqlar prosesinə maneçilik törədir.

Nəzərə almaq lazımdır ki, 3 günlük əməliyyatları ilə düşmənə gücünü göstərən Azərbaycan hərbi əməliyyatları davam etdirsəydi, ona qarşı beynəlxalq ictimai rəy dəyişərdi. Ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi. Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı və məcburetmə tədbirləri həyata keçirilərdi.

Nəticədə Azərbaycan beynəlxalq arenada təklənər, Ermənistana isə beynəlxalq miqyasda kömək göstərilərdi. Beləliklə, bu vəziyyətdən qazanan yenə də Ermənistan olardı. Ona görə də hazırkı dövrdə cəmiyyət bütün mümkün vasitələrdən istifadə edərək daha çox ermənilərə qarşı informasiya müharibəsini gücləndirməlidir.

Mənbə: Trend.Az

7 aprel 2016
GO BACK