Qadin.NET / Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ

Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ

Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Həkimlər stressli və gərgin həyat tərzi sürən insanların dərilərinə lazım olduğundan daha çox diqqət göstərmələrini məsləhət görürlər. Dəriyə qulluq həm də gənc görünüşün təminatıdır. İlk növbədə mağazalardan alınan kosmetik məhsulları kor-koranə istifadə etmək olmaz.

Böyük ehtimalla dəri baxımınıza kifayət qədər, bəlkə də heç vaxt ayıra bilmirsiniz. Kosmetika mağazasına gedib bir çox məhsullar alırsınız, bir neçə gün nizamlı istifadə edirsiniz. Çoxlarınız isə "az vaxtda sağlam dəriyə necə sahib olaq?" sualına cavab axtarırsınız. Etiraf edək ki, zəhmət çəkmədən və əmək sərf etmədən sağlam dəriyə sahib olmaq mümkün deyil. Lakin özünüzə bir az daha diqqət göstərərək və sağlam həyat tərzini sürərək yaşlanma müddətini gecikdirə, müxtəlif dəri problemlərinin qarşısını ala bilərsiniz.

Milli.Az Lent.az-a istinadən oxucularına sağlam dəri üçün qızıl təkliflər təqdim edir.

İlk növbədə siqaretin dəriyə həddən çox mənfi təsirləri olduğunu unutmayın. Siqaret qırışları və ləkələri artıran ciddi faktordur. Siqaret dəridəki kapilyarları daha da nazikləşdirir, dərinin qan dövranını azaldır. Dərinin sağlamlığı üçün lazımlı olan oksigen və qidalar dəriyə kifayət qədər çata bilmir. Digər tərəfdən, siqaret dəridəki kollagen və elastin strukturlarına da ziyan verir. Dərinin möhkəmliyi və elastikliyi zədələnir. Günəş şüaları dəri yaşlanmasındaki ən əhəmiyyətli faktorlardan biridir. Günəşin ultrabənövşəyi şüaları dəridəki hüceyrələrin DNT-sində birbaşa zədələnməyə səbəb olur. Nəticədə dəridə kollageninin quruluşunu pozur. Bürünc dəri daha gözəl və sağlam kimi görünsə də, uzun müddət davam edərsə qırışlar, ləkələr və ən əhəmiyyətlisi dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Çox çimmək və isti hamam dəriyə zərərlidir

Uzun və davamlı duş qəbul etmək və suyun çox isti olması dərinin ehtiyacı olan yağı azaldır. Odur ki, mütəxəssislər qəti olaraq uzun müddətli, çox isti və tez-tez duş qəbul etməməyi tapşırır. Çalışın, qısa müddətə və ilıq su ilə duş qəbul edin. Əks halda dərinizin ehtiyacı olan yağı azaldırsınız və dəriniz daha quru olur, xarici faktorlara qarşı daha həssas hala gəlir. Nəticədə asanlıqla dəri xəstəlikləri meydana gəlir. Sərt sabunlar yerinə yumşaq təmizləyicilərə üstünlük verin. Təmizlik məqsədi daşıyan maye vasitələr və yaş dəsmal istifadə etməyin. Çünki bütün bunlar da dərinin yağını-nəmini azaldar..

Kişilər üçün!

Xanımlarla yanaşı, kişilər də dərilərini qorumalıdırlar. Məsələn, təraşdan sonra krem ​​istifadə etməlidirlər. Ümumiyyətlə, tükün çıxma istiqamətində təraş olunmasına diqqət göstərmək lazımdır. Dəsmalı üzə sürtmədən, qıcıqlandırmadan, yüngül hərəkətlə dərinizi qurulayın. Sonra dəri quruluşuna və tipinə uyğun nəmləndirici krem çəkin. Hər cür krem və bitki mənşəli məhsulların dəriyə tətbiqi zərərləri ola bilər. Bitki təbiidir, ona görə zərərsizdir deyə düşünməyin. Heç təxmin edə bilməyəcəyiniz şəkildə dərinizdə ləkə, qızartı, allergiya kimi mənfi hallar yarana bilər. Ona görə də dəriyə qulluq məhsullarınızı dermatoloq məsləhəti ilə istifadə edin.

Sonda qeyd edək ki, balanslı və sağlam qidalanmaq vacibdir. Bu, təkcə bədən və orqanlar üçün yox, dəri üçün də vacibdir. Bol su içmək şərtdir. Yağsız, zülal ehtiva edən qidalara və tam taxıllara üstünlük verin. Bol təzə meyvə-tərəvəz yeyin. Ən əsası isə, stress dəriyə çox zərərlidir. Ona görə də ilk növbədə stressdən uzaq durun.

Mənbə:Milli.Az

9 mart 2016
GO BACK