Qadin.NET / Azərbaycanda "Qəhrəman ana" statusu bərpa olunur?

Azərbaycanda "Qəhrəman ana" statusu bərpa olunur?

Azərbaycanda "Qəhrəman ana" statusu bərpa olunur?
Çox da uzaq keçmiş olmayan Sovet dövründə çoxuşaqlı ailələrə daha çox rast gəlinirdi.  Bəlkə də bunun əsas səbəbi çoxuşaqlılığın hər mənada dəstəklənməsi, stimullaşdırılması və əlavə güzəştlərin verilməsində idi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, "Qəhrəman ana"lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdılar. O vaxtlar nəinki kənd yerlərində, hətta şəhər yerlərində çoxuşaqlı ailələrə təsadüf olunurdu.

Hətta bir faktı da diqqətinizə çatdıraq ki, vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olubÖtən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında qadınlar 5-8, cənub bölgəsində isə 10-12, hətta 15 uşaq dünyaya gətirirdilər.  Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Lent.Az-a deyilib ki, ölkədə çoxuşaqlı ailələrin statistikası hər 10 ildən bir aparılır, ona görə son statistika 2009-cu ilə aiddir. 2009-cu ildə əhalinin siyahıyaalınmasının göstəricilərinə görə, Azərbaycanda 396 000 (30,1%) 1 uşaqlı, 529 000 (40,3%) 2 uşaqlı, 261 900 (19,9%) 3 uşaqlı, 126 700 (9,7%) 4 və daha çox uşaqlı ailə var.Dövlət Statistika Komitəsinin verdiyi digər məlumata görə isə, son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb. 

"Qəhrəman ana" statusu bərpa olunmur
 Artıq neçə ildir ki, "Qəhrəman ana" statusunun verilməsi ilə bağlı təkliflər layihəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Milli Məclisə təqdim edilib.Təkliflər layihəsində həmçinin daha çox çoxuşaqlı ailələrin təminatının yaxşılaşdırılması, çoxuşaqlı ailələrdə uşaqların təhsilinin, ev şəraitinin yaxşılaşdırılması kimi məsələlər, çoxuşaqlı ailələrdə valideynlərin və uşaqların müalicəsi üçün müavinətlərin verilməsi də nəzərdə tutulurdu.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, hələ ki, Milli Məclisə göndərilən layihədə nəzərdə tutulan bir müddəa müzakirə olunub və qəbul edilib: "Ötən ilin yanvar ayında  5-dən çox uşağı olan analara hər uşağa görə 30 manat müavinət verilməsi ilə bağlı qanun artıq qəbul edilib".Amma çoxuşaqlı analara "Qəhrəman ana" statusunun verilməsi ilə bağlı Milli Məclisə ayrıca göndərilən layihə ilə əlaqədar heç bir tərpəniş yoxdur: "Layihədə 5 uşağı olan analara "Qəhrəman ana" statusunun verilməsi təklif kimi irəli sürülmüşdü.  "Qəhrəman ana" statusunun verilməsi ilə bağlı təkliflə bağlı hələ ortada  heç nə yoxdur".

Beşdən çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar "Qəhrəman ana"dır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elman Babayevin verdiyi məlumata görə, Azərbaycanın sosial qanunvericiliyində hazırda "qəhrəman ana" anlayışı olmasa da, ölkənin sosial müdafiə sistemində çoxuşaqlı analar da nəzərə alınıb.
Belə ki, "Əmək pensiyaları haqqında" qanunda yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsində çoxuşaqlı qadınlar üçün güzəşt əksini tapıb. Qanunda çoxuşaqlı qadınlar beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar kimi müəyyən olunub.
 E. Babayev bildirib ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların yaşa görə əmək pensiyası almaqdan ötrü müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların da əmək pensiyası üçün müəyyən olunmuş yaş həddi 5 il azaldılıb.
E.Babayevin sözlərinə görə, "Sosial müavinətlər haqqında" qanuna əsasən, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların yaşa görə aylıq sosial müavinət almaq hüquqları müəyyən olunub: "Bu qanuna görə, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilərin yaşa görə aylıq sosial müavinət almaq hüquqları var".
Bununla yanaşı, dövlət başçısının "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında" 27 dekabr 2013-cü il tarixli fərmanı çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rola malikdir. Fərmana əsasən, hazırda ƏƏSMN tərəfindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinət ödənilir.
E.Babayev qeyd edib ki, aztəminatlı ailələrin sosial müdafiəsində mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin də 33779-unu və ya 28,3 faizini tərkibində 3 və daha çox uşağı olan ailələr təşkil edir.
Sonda məlumat üçün qeyd edək ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeydə alınıb. Bu rayonlardan olan üç "Qəhrəman ana"nın hər biri 17 uşaq dünyaya gətirib.

Mənbə: Milli.Az

 

8 mart 2016
GO BACK