Qadin.NET / Xocalı barədə film və kitab təqdim olundu

Xocalı barədə film və kitab təqdim olundu

 

Xocalı barədə film və kitab təqdim olundu

Yunanıstanın paytaxtı Afinadakı “Ideal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib.

 

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə,“Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və TEAS tərəfindən təşkil edilmiş anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilib. Qətliam nəticəsində 613 Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 qoca da vardı.Yunanıstanın ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri də daxil olmaqla 120 nəfərlik auditoriya qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev deyib:

“Azərbaycan illər boyu beynəlxalq ictimaiyyəti təsirləndirmək və Xocalıda baş vermiş mülki vətəndaşların soyqırımına gətirib çıxaran hadisələr barədə həqiqəti çatdırmaq üçün böyük kampaniyalar keçirərək, hökumət və milli parlamentləri bu faciəvi hadisələrə düzgün siyasi və hüquqi qiymət vermələrinə çağırır. Belə ki, Xocalıda baş vermiş vəhşiliklərin miqyasının dünya ictimaiyyətinə çatdırılması üçün 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlanıb. Kampaniya Yunanıstan da daxil olmaqla 30-dan artıq ölkədə 100 mindən artıq insanın və 100-dən artıq milli qrup və assosiasiyanın iştirakı ilə həyata keçirilib.

Fürsətdən istifadə edərək sizdən, Yunanıstan xalqından “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək verməyinizi rica edirəm. Gərək biz hamımız milli şovinizm ideologiyasına qarşı birgə mübarizə aparaq. Bu faciəvi hadisələrə siyasi qiymətin verilməsi, təkcə qətlə yetirilmiş və yaralanmış azərbaycanlıların xatirəsi üçün vacib deyil. Bu, dünya ictimaiyyətinin bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməsi üçün vacibdir”.

Mənbə: ANS PRESS

24 fevral 2016
GO BACK