Bəziləri hər nə qədər narazılıq etsə də, Azərbaycanda yaşayış səviyyəsi və əhalinin dolanışıq vəziyyəti hər halda, həm qonşu ölkələrlə müqayisədə, həm də MDB üzvlərinə nisbətdə qənaətbəxşdir.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov "GoBankingRates" nəşrinin tərtib etdiyi reytinqdə Azərbaycanın dünyada yaşayış üçün ən əlverişli ölkələr sırasında 23-cü yerə layiq görülməsini şərh edərkən deyib.Onun sözlərinə görə, əvvəla, bir az əvvəl neft gəlirlərinin azalmasına baxmayaraq, əhalinin gəlirləri əlverişli səviyyədədir. İkincisi, son vaxta qədər işgüzar fəallıq yaxşı səviyyədə olub və üçüncüsü, inflyasiya və istehlak qiymətləri neçə illərdir ki, aşağı həddədir. Bununla belə, yaşayış üçün mövcud vəziyyət hər bir ölkə üçün spesifik əhəmiyyətə malikdir.
İqtisadçı hesab edir ki, bu mənada, elə göstəricilər var ki, biz hətta dünyanın ən inkişaf etmiş ölkələri ilə belə müqayisədə yaxşı vəziyyətdə sayıla bilərik: "Məsələn, ölkəmizdə ərzaq məhsullarının qiymətləri aşağıdır. Amma vətəndaşlarımızın əksəriyyəti bahaçılıqdan gileylənir. Səbəb kimi deyirlər ki, bizdə gəlirlər inkişaf etmiş ölkələr və onların şəhərləriylə müqayisədə olduqca aşağı səviyyədədir. Odur ki, müqayisəni aparanda bütün amilləri mütləq nəzərə almaq lazımdır. Daha bir misal çəkim. Məsələn, inkişaf etmiş ölkələrin şəhərlərində əhalinin əksər hissəsi kirayədə yaşayır. Ancaq onların dolanışıq vəziyyəti isə bizdə şəxsi mənzillərdə yaşayanlardan 2-3 dəfə yaxşı səviyyədədir. Yəni, alıcılıq qabiliyyəti və bazar hər yerdə eyni deyil. Ona görə də hər halda, ümumiyyətlə, bu və ya digər nəşrin və yaxud agentliyin, qurumun yaşayış üçün əlverişlilik barədə tərtib etdikləri reytinqlərə nisbi yanaşmaq lazımdır".
Qeyd edək ki, "GoBankingRates" nəşrinin tərtib etdiyi reytinqə görə, Azərbaycan dünyada yaşayış üçün əlverişli olan ölkələrin sıralamasında 23-cü yeri tutub. Siyahıda Azərbaycan Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran kimi qonşu ölkələri geridə qoyub.
Mənbə: Milli.Az