Qadin.NET / Azərbaycanda insanın genini dəyişə bilən məhsullar varmı?

Azərbaycanda insanın genini dəyişə bilən məhsullar varmı?

 

Azərbaycanda insanın genini dəyişə bilən məhsullar varmı?

Son günlər yerli KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycana xaricdən genetik modifikasiya olunmuş (GMO) bananların guya idxal olunması ilə bağlı məlumatlar müzakirə edilir. Milli.Az xəbər verir ki, bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı Day.Az-a bildirib ki, komitənin balansında məhsulların GMO olub-olmadığını yoxlamaq üçün müvafiq laboratoriya mövcuddur. Laboratoriyada aparılan tədqiqatlar zamanı GMO banan aşkar edilməyib.Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən də bildiriblər ki, ölkəyə GMO bananlar gətirilmir: "Biz belə faktlarla rastlaşmamışıq. Bu yaxınlarda bizim məhsulların GMO olub-olmamasını yoxlamaq üçün öz laboratoriyamız da fəaliyyətə başlayacaq".

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə öz növbəsində ölkəyə GMO bananların gətirilə bildiyini istisna etməyib: "Bananların böyük ölçülü və yüksək davamlı olması bizə ehtimal etməyə əsas verir ki, onlar genetik modifikasiya olunmuş ola bilər. Məsələn, İndoneziya, Hindistan, Afrika ölkələrində yetişən bananın ölçüləri kiçik olur. Bizə gətirilənlər isə böyük ölçüləri ilə seçilir".Bununla yanaşı E.Hüseynov Azərbaycanın özündə GMO bananların yetişdirilməsinin mümkün olmadığını deyib. Əvvəla, bizdə bunun üçün münasib iqlim şəraiti yoxdur, ikincisi, milli qanunvericiliklə ölkədə GMO məhsulların yetişdirilməsi qadağandır. Bilirsiz ki, GMO məhsulların yoxlanılması üçün laboratoriya bizdə yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində var. Lakin təəəssüf ki, onlar GMO məhsullarla bağlı yoxlamanı yalnız müraciət əsasında aparırlar. Müraciət olmasa, onların müstəqil şəkildə belə yoxlama aparmaq hüquqları yoxdur"Qeyd edək ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması məqsədi ilə ötən aprelində Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib.İnzibati Xətalar Məcəlləsinə əlavə olunan yeni 228-2-ci maddəyə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını, belə bitkilərdən istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxalına və ya satılmasına az miqdarda (yəni min manatadək dəyərdə) yol verilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları və yeyinti məhsulları müsadirə edilməklə, onların dəyərinin 80 faizindən 100 faizinədək miqdarda cərimə edilir.Cinayət Məcəlləsinə əlavə edilən 200.2-ci maddəsinin birinci hissəsinə əsasən, haqqında danışılan bitki və yeyinti məhsullarını bilə-bilə ölkəyə idxal edənlər və satanlar 3 min manatdan 5 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Maddənin ikinci hissəsinə görə, həmin məhsulları istehsal etməyə görə 4 min manatdan 6 min manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası təyin olunacaq. Yuxarıda göstərilən əməllər külli miqdarda törədildikdə 7 min manatdan 9 min manata qədər cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası, bu maddə ilə bağlı artıq bir dəfə məhkum olunmuş şəxs tərəfindən törədildikdə isə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Mənbə: Milli.Az

3 fevral 2016
GO BACK