Qadin.NET / İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?

İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?

 

İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?

Bu gün "Günəşli" yatağının 10-cu platformasında baş verən dəhşətli faciədən 10 gün ötür. 32 neftçinin həlak olması və itkin düşməsi ilə nəticələnən hadisə ilə bağlı axtarışlar hələ də davam edir. İtkin düşənlərdən 6 nəfərinin cəsədi sulardan çıxarılsa da, 23 nəfərin axtarışı hələ də davam edir. "Günəşli" qəzası ilə təxminən eyni vaxtda "Neft Daşları"nda baş vermiş hadisədə itkin düşən 3 əməkdaşın da axtarışları heç bir nəticə verməyib. 

 

İtkin düşənlərin sağ qalmasına ümidlər artıq demək olar ki, tükənib. Ekspertlər də bildirir ki, açıq dənizdə 10 gün ərzində insanın sağ qalması mümkün deyil. Hətta onların cəsədlərinin tapılmasına da inam azalıb. Bəs, itkin düşən şəxslərin ölmüş elan olunması qanunvericilik qaydasında necə həyata keçirilir? Milli.Az xəbər verir ki, hüquqşunas Müzəffər Baxışov Musavat-a açıqlamasında bildirdi ki, itkin düşən insanın ölmüş elan edilməsi üçün qanunla 5 illik müddət nəzərdə tutulur: "Hər hansı şəxsin itkin düşmüş hesab edilməsi üçün isə 2 illik müddət lazımdır. Lakin bu hər hansı bir təbii fəlakət nəticəsində və ya bəlli bir hal nəticəsində olubsa, 6 ay müddətində həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət edilsə, məhkəmə hökm çıxaracaq ki, onu ölmüş hesab etsinlər. Belə hallarda 6 ayda həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxarıla bilər. Çünki, bu hal bütün Azərbaycana bəllidir. Əgər 6 ay ərzində o insanlar tapılmasa və məhkəməyə müraciət edilsə, məhkəmə həmin şəxslər haqqında hökm verə bilər. Onlara həm kompensasiya, həm də sığorta haqları veriləcək. Ola bilsin ki, ARDNŞ onlara müəyyən təminatlar ödəsin. Bu, həmin şirkətdən asılıdır. Onlar qanunda nəzərdə tutulmuş bütün güzəştlərdən istifadə edə biləcəklər". Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev də qeyd etdi ki, əslində, bu insanlar artıq ölmüş elan edilməli idi: "Qanunvericiliyə görə, itkin düşmüş şəxslərin ölmüş elan edilməsi məhkəmə qaydasında həll edilməlidir. Ancaq bu olmasa belə, yəqin ki, kompensasiya veriləcək. Çünki, bu məsələ ölkə başçısının birbaşa diqqət mərkəzindədir. Hökumət itkin düşənlərə də eyni şərtlərlə sığorta və kompensasiya ödənilməlidir. Burada qanunu əsas gətirərək, ayrı-seçkilik salmaq doğru olmaz. Çünki, məhkəmə qərarı da formal xarakter daşıyır, o insanlar artıq həyatlarını itiriblər". Azər Quliyev qeyd etdi ki, qanun bu cür fövqəladə hadisələri deyil, ümumi halları nəzərdə tutur: "Yəni, insan var ki, evdən çıxıb və geri dönməyib. Onun sağ qalmaq imkanı daha çoxdur, tapıla, geri dönə bilər. Dənizdə itkin düşən şəxs isə artıq çoxdan həyatını itirib və onların ölmüş elan edilməsi formal bir haldır. Çünki, bu bütün ölkənin gözünün önündə olub. Bu səbəbdən də məhkəmə qaydasında bu qəbul olunmadan sonra həmin şəxslərin kompensasiyaları ailələrinə ödənilməlidir. Həmin ailələrə həm Nazirlər Kabinetinin qərarına əsasən kompensasiya, həm də sığorta ilə əlaqədar vəsait ödəniləcək. Hələ ki, həmin ailələrin başı qarışıqdır. Bu məsələ ilə bağlı hər hansı narazılıq yoxdur. Ola bilər ki, gələcəkdə hər hansı bir anlaşılmazlıq olsun. Ola bilər ki, onların ailə tərkibində birdəfəlik və aylıq maddi yardım alanlarla bağlı hansısa narazılıq olsun. Belə formal hallar ola bilər. Ancaq mən inanmıram ki, dövlətin nəzarətində olan bu prosesdə ciddi qanun pozuntuları baş versin".Hazırda kompensasiyaların verilməsi ilə bağlı problemlərdən biri də odur ki, baş verən hadisədə ölən və itkin düşən şəxslərin ailələrinə birdəfəlik 15 min manat kompensasiya verilsə də, bu, "Günəşli" fəlakəti ilə eyni gündə - dekabrın 4-də "Neft daşları"nda qasırğa zamanı itkin düşən 3 neftçinin ailəsinə şamil edilməyib.Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Neft daşları"nda itkin düşən 3 neftçiyə birdəfəlik maddi yardım verilməməsinə etiraz edib: "Bu sərəncam "Neft daşları"nda öz vəzifə borcunu yerinə yetirərkən, işbaşında həlak olan 3 neftçiyə niyə aid edilməyib? Onlarin ailələrinin də 15 min manat birdəfəlik yardım alması üçün yanğınmı olmalı idi?"Sonuncu problemlə bağlı ARDNŞ-in mətbuat xidmətindən rəy öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Mövzunu davam etdirəcəyik.

Mənbə: Milli.Az

15 dekabr 2015
GO BACK