Qadin.NET / Bakı-Xırdalan-Sumqayıt qatarında gediş pulsuz olacaq

Bakı-Xırdalan-Sumqayıt qatarında gediş pulsuz olacaq

 

Bakı-Xırdalan-Sumqayıt qatarında gediş pulsuz olacaq

Bakı-Xırdalan-Sumqayıt qatarının hərəkət cədvəli və istifadə qaydaları açıqlanıb.
ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya Kommunikasiya Texnologiyaları Şöbəsinin rəisi Samir Qənili bildirib ki, üç gün ərzində sərnişinlər qatardan pulsuz istifadə edə biləcəklər.
Bakı-Xırdalan-Sumqayıt qatarında gediş haqqları Tarif Şurasının açıqladığı qərardan sonra məlum olacaq. Bundan sonra isə qatardan istifadə etmək üçün sərnişinlər bilet almalı olacaqlar.
Şöbə rəisi qeyd edib ki, sərnişinlər iki yolla bilet ala biləcəklər. Sərnişinlər həm kassa, həm də terminallar vasitəsilə bilet əldə edə biləcəklər: “Stansiyada 4 ədəd bilet satış terminalı quraşdırılıb. Sərnişinlər avtomatik işləyən bu terminallar vasitəsi ilə birbaşa, kassir olmadan pul daxil edib, istədiyi istiqaməti, tarifi seçib bilet almaq imkanına sahib olacaqlar. Bu zaman yerdə qalan qalıq pullar da sahiblərinə geri qaytarılacaq. Terminaldan istifadə etmək istəməyən sərnişinlər isə stansiyada olan 2 ədəd kassadan da bilet ala biləcəklər”.
S.Qənili əlavə edib ki, yaxın gələcəkdə Bakı-Xırdalan-Sumqayıt qatarına kredit kartı ilə də bilet almaq mümkün olacaq. Həmçinin yaxın bir neçə ay ərzində “Bakı kart”dan da istifadə etmək mümkün olacaq.
4 ədəd müşahidə kamerasının quraşdırıldığı qatarlarda WI-FI vasitəsi ilə internetdən istifadə etmək üçün şərait yaradılıb. Bundan başqa, əlil insanların qatarlardan rahat istifadə edə bilməsi də nəzərə alınıb. "Biznes sinfə" daxil olan qatarların oturacaqları daha genişdir, burada sərnişinlər kofe və çay xidməti ilə təmin olunacaqlar. Həmçinin "Biznes sinfin" sərnişinləri ancaq biletlərində göstərilən yerlərdə əyləşəcəklər. Adi qatarlardan fərqli olaraq isə sərnişinlər arzu etdikləri yerlərdə əyləşə bilərlər.
Hərəkət qrafikinə gəldikdə isə, gediş haqqının pulsuz olacağı üç gün ərzində Bakı-Xırdalan-Sumqayıt qatarı gün ərzində iki dəfə Sumqayıta yola düşəcək. İlkin qrafikə əsasən qatarlar Bakıdan səhər saat 08:00 və axşam 20:00-da Sumqayıta yola düşəcək. Əks istiqamətdə, yəni Sumqayıtdan Bakıya doğru qatarlar səhər 09:30 və 21:30-da hərəkət edəcək. 

"Saat 06:00-dan 12:00-dək və 16:00-dan 21:00-dək yarım saatlıq intervalla qatarlar Bakıdan Sumqayıta və əksinə yola düşəcək. 12:00-16:00 aralığında isə qatarlar bir saatlıq intervalla hərəkət edəcəklər. Qrafik gələcəkdə dəyişdirilə bilər".
Sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək. Sentyabrın 15-dən etibarən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək. Bumarşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək. Bununla da bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək.

 

İlkin qrafikə əsasən, sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq, 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 06:00-12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. 
Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında isə elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. 
İntervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə bağlımüəyyənləşdirilib. Növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.

Mənbə: ANS PRESS

13 sentyabr 2015
GO BACK