Qadin.NET / İlham Əliyev çevrilişdən danışdı, sərt bəyanat verdi

İlham Əliyev çevrilişdən danışdı, sərt bəyanat verdi

İlham Əliyev çevrilişdən danışdı, sərt bəyanat verdi
Prezident İlham Əliyev bu gün iqtisadi məsələlərə və 2016-ci ilin dövlət büdcəsinin hazırlıq işlərinə dair müşavirə keçirib. Ölkə başçısı müşavirədə regionda və dünyada yaşanan iqtisadi böhranla yanaşı Azərbaycanda qara qüvvələrin təxribat törətmək niyyətindən də danışıb.
"Dünya böhranının əsas səbəbləri sabitliyin pozulması və bəzi ölkələrin siyasi maraqlarıdır". ANS TV-nin məlumatına görə, bu fikirləri prezident İlham Əliyev bu gün keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədəki çıxışında səsləndirib. Ölkə başçısı deyib ki, bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var:
“Bu səbəbləri əlbəttə ki, təhlilçilər araşdırırlar, araşdıracaqlar. Bu bizim işimiz deyil. Bizim işimiz ondan ibarətdir ki, ölkəmizi, ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qoruyaq. Biz bunu bacarırıq, uğurla bacarırıq, ölkəmizi qoruyuruq, ölkəmizin təhlükəsizliyini, sabitliyini, iqtisadi inkişafını təmin edirik”.
Prezident onu da vurğulayıb ki, son illər Yaxın Şərqdə həlak olan yüz minlərlə insanlar və həmin regionda gedən prosesslər Postsovet məkanında vəziyyəti daha da gərginləşdirir. Qanlı toqquşmaların, siyasi və iqtisadi böhranların məhz bu səbəbdən hökm sürdüyünü deyən ölkə başçısı müşavirədə neftin qiymətinin kəskin enməsindən də danışıb.
“İstisna edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalıydıq və bu günə qədər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar bizə kömək etdi ki, biz minimum itkilərlə bu vəziyyətdən çıxaq. Baxmayaraq ki, bu da təbiidir, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti yüz dollardan yuxarı idisə, bu gün əlli dollardan aşağıdır. Yəni iki dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin”, - deyə İlham Əliyev bildirib.
Prezident Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaq istəyənləri də xəbərdar edib. Ölkə başçısı deyib ki, Azərbaycanda “Maydan hərəkatı”nı yaratmaq istəyənlər gəncləri bu işə sövq etsələr də onların çirkin əməlləri ifşa olunub. Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə qarşı uzanan o çirkli əlləri kəsmişik və bundan sonra da ölkəmizi qoruyacağıq, xalqımızın inamlı inkişafını təmin edəcəyik.

Mənbə: ANS PRESS

9 sentyabr 2015
GO BACK