Qadin.NET / Azərbaycanda iki bank bağlandı

Azərbaycanda iki bank bağlandı

Azərbaycanda iki bank bağlandı
Azərbaycan Mərkəzi Bankı tərəfindən bank sektorunun və maliyyə vasitəçiliyinin inkişafı, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, bankların maliyyə dayanıqlığı və sabitliyinin gücləndirilməsi istiqamətində kompleks və ardıcıl tədbirlər həyata keçirilir. 
AMB-dən ANS PRESS-ə verilən məlumata görə, son illər görülmüş işlər nəticəsində bank sektoru əhəmiyyətli kapitallaşıb, maliyyə vasitəçiliyinin həcmi dəfələrlə artıb. Bununla yanaşı, biznes və əhalinin bank məhsul və xidmətlərindən istifadə səviyyəsi yüksəlmiş, eyni zamanda bankların institusional potensialı gücləndirilib, xüsusilə korporativ idarəetmə sistemləri və riskləri idarəetmə aparatı təkmilləşdirilib.
Bununla belə ölkə iqtisadiyyatının inkişaf və şaxələnmə hədəfləri maliyyə sistemi, o cümlədən bank sektoru qarşısında yeni vəzifələr müəyyən edir. Bu hədəflərin realizasiyası bank sektorunun maliyyə potensialının ciddi mobilizasiyası və gücləndirilməsini tələb edir.
Mərkəzi Bank qeyd edilən hədəflər də nəzərə alınmaqla əhalinin əmanətlərinin və digər kreditorların vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, bank sektorunun sabitliyinin və ona etimadın qorunması məqsədilə problemli, adekvat kapitallaşmamış, prudensial fəaliyyət göstərməyən bankların fəaliyyətinin məhdudlaşdırılmasıvə sistemdən kənarlaşdırılması üzrə davamlı olaraq tədbirlər görür.
Bu istiqamətdə növbəti addım olaraq qeyd olunan prinsipləri rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 10.07.2015-ci il tarixli iclasında “EvroBank” ASC-nin bank lisenziyasının ləğv edilməsi, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvvəqəti inzibatçının təyin edilməsi barədə qərar qəbul edilib.“EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq, bu müddət ərzində onlar icra edilməyib. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılmış, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilmişdir. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur.
“Azərbaycan Kredit Bankı” ASC-nin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Azərbaycan Respublikası Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir.Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır. “Azərbaycan Kredit Bankı” ASC-nin də fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur.
Mərkəzi Bankın bu tədbirləri bank sektorunda risklərin azaldılmasına, etimadın qorunmasına və bu yolla maliyyə vasitəçiliyinin genişləndirilməsinə və dəyərinin azalmasına yönəldilib. 
Bir neçə gün öncə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti iyulun 13-dən uçot dərəcəsinin 3.5%-dən 3%-ə endirilməsi barədə qərar qəbul edib.İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəsmisi, iqtisadçı Samir Əliyev də bu qərardan sonra bəzi bankların bağlanabiləcəyini qeyd etmişdi.

Mənbə: ANS PRESS

13 iyul 2015
GO BACK