"Ad günümü ailəmlə, valideynlərimlə keçirəcəyəm. Uşaqlıqda ad günümə çox qonaq gələndə, səs-küylü və şən olanda sevinirdim".
ANS PRESS-in məlumatına görə, bunu "Trend"ə müsahibəsində bu gün yubileyini qeyd edən Azərbaycan prezidentinin böyük qızı, Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyeva deyib.
Onun sözlərinə görə, ad günündə ən yaxın və ən əziz olan insanların əhatəsində, şərtsiz, təmənnasız sevginin əhatəsində olmaq istəyir. "Hamıya xoş əhval-ruhiyyə, möhkəm cansağlığı və bolluca xoşbəxtlik arzulayıram".
Dövlət başçısının qızı əkiz övladlarından da danışıb. O, uşaqları – ən böyük xoşbəxtlik adlandırıb.
"İndi mənim uşaqlarım elə bir yaşa çatıblar ki, mənə onlarla daha çox vaxt keçirmək maraqlıdır, nəinki dostlarımla. Biz birlikdə gəzirik, muzeylərə, parklara gedirik. Lap əvvəldən mənim onlarla dostluq münasibətlərim var. Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə ilk növbədə hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə düz etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək lazımdır".
L.Əliyevanın fikrincə, anadan olandan insana doğrunu və yanlışı anlama qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar.
O, isə övladlarına daha çox azadlıq verməyə çalışır, xüsusən də onlar oğlan olduqları üçün. "Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar.
Ən əsası, mən onlarla bir yerdə olanda yaxşı əhval-ruhiyyədə oluram, onlar heç vaxt məni məyus və kədərli vəziyyətdə görməyiblər. Mən həmişə onlara deyirəm ki, hər şey yaxşı olacaq. Mən onları müsbət ruhda kökləyirəm".
Əli və Mikayıl artıq üç dildə danışırlar: Azərbaycan, ingilis və rus. Onlar riyaziyyatla, incəsənətlə maraqlanırlar.
Anaları onlara kitablar oxuduğunu və kompüter arxasında daha az vaxt keçirməyə çalışdığını deyir. "Çox istərdim ki, övladlarım böyüyəndə öz uşaqlıq illərini həmişə sevə-sevə xatırlasınlar, yada salsınlar".
Mənbə: ANS PRESS