Qadin.NET / Yanan bina sakinləri evlərinə geri dönür

Yanan bina sakinləri evlərinə geri dönür

 

 

Xətai rayonunda yanmış binanın təmiri başa çatıb.ANS TV-nin məlumatına görə, baş vermiş yanğın zamanı ziyan görmüş ailələrə maddi yardım olunub. Hadisə zamanı mənzillərində əmlaklarına, əşyalarına zərər dəymiş 60 ailədən 57-nin hər birinə 15 min manat kompensasiya ödənilib. Bunu Xətai rayon İcra Hakimiyyəti ilə yanaşı sakinlər də təsdiqləyib. 
Xəbərə görə, binada 116 ailə yaşayırmış, yanğın nəticəsində 60 mənzilə ziyan dəyib. Maliyyə Nazirliyi 900 min manat vəsaiti Xətai Rayon İcra Hakimiyyətinə ayırıb və həmin sakinlərin adlarına bankda hesab açılıb. 57 ailənin hər biri artıq 15 min manat vəsaiti alıb. Yalnız 3 ailə üçün nəzərdə tutulan vəsait qalmaqdadır. Bu da 3 mənzilin sahibi olan ailələrlə həmin mənzildə kirayənişin yaşamış ailələr arasında razılaşmanın əldə edilməməsi ilə bağlıdır. Mənzil sahibləri və kirayənişinlər özlərinə məxsus əşyaların yandığını bildirirlər. Vəsaitin köçürülməsi üçün həm də onların arasında notarial qaydada əldə edilmiş razılaşmanın İcra Hakimiyyətinə təqdim edilməsi zəruri hesab olunur. 
Hazırda yanğından zərər çəkmiş mənzillərin bərpası başa çatıb və artıq sakinlər mənzillərinə köçməyə başlayıblar. Məlum yanğın baş verəndən binanın fasadı və yanğından zərər çəkmiş mənzillər dövlət hesabına əsaslı təmir olunub.
Qeyd edək ki, yanğın aprelin 10-da Bakının Xətai rayonu, Zığ şossesi 16 ünvanında baş vermişdi.

 

Mənbə: ANS PRESS

20 iyun 2015
GO BACK