Qadin.NET / Yazdığın sözlər qürurumuzdur

Yazdığın sözlər qürurumuzdur

Yazdığın sözlər qürurumuzdur
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti digər dövlətçilik atributları ilə yanaşı, dövlət himninin yaradılması sahəsində də müəyyən addımlar atıb, qərarlar qəbul edib. 1919-cu ildə iki dahi şəxsiyyət - Əhməd Cavad və Üzeyir Hacıbəyovun birgə ərsəyə gətirdiyi "Azərbaycan marşı" bu gün dövlət himnimiz, qürur mənbəyimizdir. Kəpəz televiziyasının (Region TV) əməkdaşı himnimizin sözlərinin yazıldığı evdə olub. 

Ən ümdə vəzifəsi Azərbaycan istiqlaliyyəti, ən böyük arzusu bütün türk dünyasının birliyi olan Əhməd Cavadı anmaq, bəlkə də, bu gün daha çox onun haqqıdır. Qələmi özünə yoldaş seçib, vətən sevgisini, azadlıq həsrətini ən ibarəli fikirlərlə ifadə edən Əhməd Cavad şəxsiyyətinin formalaşmasında Gəncə dövrü əvəzolunmazdır. Baxmayaraq ki, bu onun uşaqlıq illərinə təsadüf edir, fəqət elə ən mənalı çağlar da uşaqlıqdır.   1906-cı ildə anası Yaxşı xanımla balaca Əhməd Gəncəyə köçürlər. Şairin Gəncə dövrü isə bu evlə birbaşa bağlıdır. Zamanında Əlirzayevlərin mülkü sayılan bu bina Əhməd Cavad qələmindən süzülən şeirlərin şahidi olub. Xüsusən ilk şeirlərin. Özünün də dediyi kimi, şairin mənalı ömrünün tarixi, doğrudan da, Gəncəyə köçdüyü vaxtlardan başlayır. Az əvvəl də Əhməd Cavadın şair, ən əsası bir şəxsiyyət kimi formalaşmasında Gəncə dövrünün əvəzolunmazlığını vurğuladım. Amma bir də mühit fərqi var. Daha doğrusu, mühiti formalaşdıran insanlar. Bax bu mühit məsələsinə gələndə, o, yaradıcı insanlar üçün çox vacibdir. Əhməd Cavad mühitinin sakinləri Abdulla Sur, Əli Rza, Əli Nəzmi kimi ziyalılar idisə, demək ki, həmin mühitdə yazılacaq şah əsər də ancaq Azərbaycan marşı ola bilərdi...Səndən ötrü can verməyə cümlə hazırız... Səndən ötrü qan tökməyə cümlə qadiriz... Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzi sayılan dövlət himnimizin sözləri də məhz bu evdə yazılıb. Beləliklə, sıradan bir ev deyil, tarix yazan binaya çevrilib. Tarix yazmağı bacaran şəxsiyyət, dilindən səslənib, qələmindən süzülən sözlər bu gün dilimizdən səslənir, həm də qorxmadan, çəkinmədən. Sənin marşın dövlətimizin himni olub, ən yüksək arenalarda, ən böyük zəfərlərdə səslənir. Yazdığın sözlər qürurumuzdur. İstiqlaliyyətin həsrətini çəkib, doğru sözün qurbanı olan şəxsiyyət, bu gün ölkən istiqlaliyyət zəfərini qeyd edir, həm də böyük sevinc və qürurla. Yəqin ki, ruhun şaddır. Çünki Azərbaycan adlı vətən marşı yazan insanın ruhu yalnız müstəqillik təntənəsindən şad ola bilər. 

Mənbə: Milli.Az

 

28 may 2015
GO BACK