Bakıda baş verən məlum yanğın hadisəsindən sonra Lənkəranda da binaların fasadlarına vurulmuş üzlüklərin sökülməsinə başlanılıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, sökülmə işləri rayon rəsmilərinin nəzarəti altında həyata keçirilir.
Lənkəranda 3 il əvvəl çoxmərtəbəli binaların fasadına vurulmuş penopoliuretan üzlüklərin sökülməsinə başlanılıb. Üzlüklər rayon İcra Hakimiyyətində yaradılan komissiyanın verdiyi qərara uyğun və birbaşa nəzarəti altında sökülür. Söküntü işlərinin aparılmasına bina sakinlərinin reaksiyası isə birmənalıdır. Sakinlər binaların yanğın təhlükəsizliyinin vacib olduğunu düşünürlər.
“Biz Bakı faciəsini gördük, qorxu çəkirdik. Burda da başımıza gələ bilər. Yaxşı ki burda da sökürlər. Gözəllik yox, təhlükəsizlik əsasdır”, - deyə Fatma Rzayev adlı sakin bildirib.
Lənkəran şəhər icra başçısının müavini Möhübbət Babayev bildirib ki, Lənkəranda 1 beşmərtəbəli, 3 dördmərtəbəli, 1 ikimərtəbəli binanın üzlüyü söküntüsü aparılır. İcra rəsmisi sökülən üzlüklərin yanmaya davamlı olduğunu əyani olaraq göstərib.
“Bu material Türkiyə istehsalıdır. Ordan gətirilmədir. Odda yanmır, ərimə gedir. Lakin icra başçısının sərəncamı ilə yaradılan komissiya bu qərara gəlib ki, vətəndaşların narahatlığını nəzərə alaraq bunların sökülməsinə qərar veriblər. Söküləndən sonra yenə Lənkəran dizaynına uyğun yüksək səviyyədə alternativ materialla təmir olunacaq”.
Binaların fasadlarındakı üzlüklərin söküntü işlərinin günün sonuna qədər yekunlaşacağı deyilir.
Mənbə: ANS PRESS