Qadin.NET / “Qanlı Yanvar”ın övladları

“Qanlı Yanvar”ın övladları

Rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi ilə bağlı şagirdlər arasında elan edilən müsabiqənin qalibləri elan edilib.
ANS PRESS-in məlumatına görə, Bakının 39 saylı məktəbində elan edilmiş müsabiqəyə bu gün yekun vurulub. Hadisə ilə bağlı xüsusi tədbir keçirilib. Bu çərçivədə məktəbin 100 şagirdi Metro Park ticarət mərkəzində filmə baxıb. Daha sonra onlar film haqqında təəssüratlarını əks etdirən şeir və inşalarını təqdim ediblər. Yekun olaraq onların içərisindən 3 qalib seçilib. 
Daha sonra 39 saylı məktəbdə filmin rejissoru Vahid Mustafa Yevlə görüş təşkil edilib. Müsabiqənin qalibləri yazdıqları inşa və şeirləri filmin rejissoru qarşısında yenidən səsləndiriblər. Görüşdə məktəbin şagird və müəllimləri, valideynlər, məktəbin direktoru, həmçinin “Qanlı Yanvar” filmində rol alan aktyorlar iştirak ediblər.
Tədbirdə məktəbin direktoru Tahirə Şükürova çıxış edərək bildirib ki, Vahid Mustafa Yev bu filmlə sübut etdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qanı ilə əldə edib. “Vahid Mustafa Yev qardaşı Çingiz Mustafayevin yolunu davam etdirir. Bu film sübut edir ki, Azərbaycanın müstəqilliyi təsadüfi deyil. Bu müstəqilliyi Azərbaycan xalqı qanı ilə qazanıb”. 
Çıxışının sonunda məktəb direktor rejissor Vahid Mustafa Yevə “Vətənpərvərlik ideyalarının təbliğinə görə” mükafat verib. Daha sonra müsabiqənin qalibləri – 10-cu sinif şagirdləri Fərid Müslümov və Aytən Şirinova, 11-ci sinif şagirdi İsaxanova Günel yazdıqları inşa və şeirləri səsləndiriblər. Qaliblərin çıxışından sonra yuxarı sinif şagirdləri hazırladıqları rəqs nömrələrini təqdim ediblər. 
Daha sonra Vahid Mustafa Yev və filmin aktyorları şagirdlərin suallarını cavablandırıblar. Vahid Mustafa Yev bildirib ki, filmi çəkərkən əsas məqsədi mükafat qazanmaq olmayıb: “Bizim məqsədimiz odur ki, uşaqlar çatdırmaq istəyimiz mesajlarımızı alsınlar. Məqsədimiz sizə xidmət etməkdir”.
Film haqqında suallara cavab verərkən o həmçinin bildirib ki, filmi anası Naxış xanıma həsr edib. “Mən bu filmi anama həsr etmişəm. Çünki mənim anam mənim vətənimdir, ana mənim üçün güclü olmaq, mübarizə aparmaq deməkdir”.

 

Mənbə: ANS PRESS

15 may 2015
GO BACK