Qadin.NET / Prezident İlham Əliyev: "Ermənistan buna məhəl qoymur"

Prezident İlham Əliyev: "Ermənistan buna məhəl qoymur"

 

Prezident İlham Əliyev: "Ermənistan buna məhəl qoymur"

 

"Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm mərhələ olacaq. Keçən il mən Vyetnama dövlət səfərimi etmişəm. Səfər çox uğurlu keçib. Mənə göstərilən qonaqpərvərlik heç mənim yadımdan çıxmaz. Hesab edirəm ki, bir il ərzində artıq sizin Azərbaycana səfəriniz onu göstərir ki, bizim aramızda inkişafda olan əlaqələr çox intensiv xarakter daşıyır". Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqla birgə mətbuata bəyanatında deyib.
Prezident deyib ki, bu gün onlar ikitərəfli əlaqələrin müxtəlif sahələrini geniş şəkildə müzakirə ediblər: "Bir daha gördük ki, bir çox məsələlərlə əlaqədar bizim mövqeyimiz üst-üstə düşür. İlk növbədə, hər iki tərəf ikitərəfli əlaqələri genişləndirmək fikrindədir. İlk növbədə, siyasi əlaqələrimiz inkişaf edəcək. Hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir. Çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir".Prezident əlavə edib ki, bu gün regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar: "Mən cənab prezidenti bizim regionda baş verən hadisələrlə bağlı məlumatlandırdım. Qeyd etdim ki, regional təhlükəsizlik üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, uzun illərdir bu məsələ öz həllini tapmır. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib, əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur, bu qətnamələri icra etmir və beləliklə işğal davam edir".  Prezident qeyd edib ki, bu işğal və etnik təmizləmə nəticəsində 1 miyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb: "Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ərazimizin 20 faizi hələ də işğal altındadır".Dövlət başçısı xatırladıb ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirib: "BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqq işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul ediblər. Bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır. Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir, burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir və bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir".

Mənbə: Milli.Az

14 may 2015
GO BACK