Qadin.NET / Mağazadan mal alarkən ehtiyatlı olun

Mağazadan mal alarkən ehtiyatlı olun

Mətbuatda tez-tez ticarət və xidmət obyektlərində vaxtı keçmiş məhsulların, keyfiyyətsiz malların aşkarlanması ilə bağlı faktlara rast gəlirik. Mütəmadi yoxlamalara baxmayaraq, bu cür hallar davam etməkdədir. Bu isə istehlakçı hüquqlarının pozulmasına, sağlamlığımızın təhlükə ilə üzləşməsinə gətirib çıxarır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin Ekspressə bildirdiyinə görə, şikayətlərin qəbulu üçün nazirliyin 195-2 telefon məlumat mərkəzi fəaliyyət göstərir. Bu qaynar xəttə daxil olan müraciətlər operativ olaraq cavablandırılır. Əgər araşdırma tələb olunan müraciətlər varsa, nazirliyin müvafiq strukturları tərəfindən araşdırılır və qanunla təyin olunmuş müddətdə müraciət edən şəxsə cavab verilir. Bundan başqa, nazirlik yanında fəaliyyət göstərən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidmətinin iki telefon xətti daim olaraq istehlakçıların xidmətindədir: 498-15-01, 498-15-05-04. Dövlət xidmətinə bu nömrələrlə istehlakla bağlı müxtəlif müraciətlər daxil olur. Dövlət xidməti operativ olaraq müraciət edən şəxslərin qaldırdığı məsələlərlə bağlı tədbirlər görür. Bundan başqa, nazirlikdə video qəbulu üçün imkanlar yaradılıb. İstənilən şəxs istənilən yerdən nazirliyə müraciət edib qurumun məsul şəxsləri ilə video əlaqə saxlaya və onu maraqlandıran məsələlərlə bağlı cavab ala bilər. "Qeyd edim ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidmətinin saytında daxil olmuş müraciətlər və görülmüş tətbirlərlə bağlı bölmə də var. Dövlət xidmətinə olan istehlakçı müraciətlərinə çox həssas yanaşılır".
A.Əliyev bildirib ki, istehlakçı şikayət etmək istəyirsə, müvafiq nömrələrə zəng edib öz əlaqə nömrəsini, ad və soyadını, ünvanı, hansı məsələ ilə bağlı müraciət etdiyini bildirməlidir.
Onun dediyinə görə, ticarət və ya xidmət obyektində aşkar olunan fakta uyğun olaraq qanunvericilklə nəzərdə tutulan tədbirlər görülür: "Mağazada mal qoyuluşu prinsipinin pozulması, saxta, vaxtı keçmiş malların satışı, markalanmanın düzgün aparılmaması baş verə bilər. Əgər ticarət və ya xidmət obyektində qanun pozuntusu aşkarlanıbsa, buna qarşı qanunvericiliklə nəzərdə tutulan tətbirlər görülür".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, mağazalarda aparılan yoxlamalara baxmayaraq, keyfiyyətsiz və vaxtı keçmiş məhsulların satışının davam etməsinin əsas səbəbi ölkədə qida təhlükəsizliyi haqqında qanunun olmamasıdır: "Qanun olmayan yerdə mütləq cinayət baş verir. İkincisi, İqtisadiyyat və Sənaye Nazirliyi vaxtı keçmiş və yararsız malları satışdan çıxarır, malların məhv edilməsi ilə bağlı akt tərtib olunur. Lakin əksər hallarda həmin mallar aparılıb məhv edilmir, regionlara göndərilir, müxtəlif yollarla qiyməti, yararlılıq müddəti pozulub üstündə yenisi yazılır. Bir sözlə, müxtəlif yollarla istehlakçıya məhv olmalı malı sırıyır".
Onun dediyinə görə, iş elə qurulmalıdır ki, mağazalar özləri satdıqları məhsulların təhlükəsizliyinə cavabdeh olsunlar: "Mağazalar özləri müəyyən laboratoriyalarla müqavilə bağlamalı, aldıqları malı ekspertizadan keçirməli və təhlükəsiz qida satmalıdırlar. Bu halda vəziyyət qlobal şəkildə dəyişə bilər. Çünki bu saat dükanlar istehsalçıdan malı alır, istehsalçı da müəyyən sertifikatları təqdim edir, malın standartlara cavab verdiyini göstərir. Sonda isə zəhərlənmələr baş verir".
Müsahibimiz hesab edir ki, ticarət obyektlərində vaxtı keçmiş məhsulların satılmasının bir səbəbi də dövlət orqanlarının həmin obyektlərə qoyduğu yüksək cərimələrdir: "Yoxlamalar zamanı qanun pozuntusu aşkarlanırsa, yüksək cərimələr tətbiq olunur. Mağaza sahibləri isə həmin cərimələri istehlakçılardan alırlar. Çox vaxt da bu yararsız, vaxtı keçmiş məhsulların satışı ilə həyata keçirilir. Bu da süni qiymət artımına gətirib çıxarır. Bundan da ən çox istehlakçılar zərər çəkir".

Mənbə: Milli.Az

16 aprel 2015
GO BACK