Kəsmik, qatıq və xamanın "Ümumi texniki şərtlər" dövlət standartlarına dəyişiklik edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, dəyişikliyin tətbiq vaxtı 1 iyun 2015-ci il tarixdən müəyyən edilib.
Dəyişikliyə əsasən kəsmik, qatıq və xama məhsullarının istehsalında istifadə olunan bitki yağları bundan sonra kərə yağları ilə əvəz olunmalıdır. Belə ki, standartların əvvəlki tələblərinə əsasən istehsalda bitki yağından istifadəyə icazə verilirdi. Həmçinin AZS 089-2003 “Kəsmik. Ümumi texniki şərtlər” standartına əsasən dondurulmuş kəsmik havanın nisbi rütubəti 75% -dən cox olmamaqla mənfi 18oC-dən yuxarı və mənfi 25oC-dən aşağı olmayan temperaturda saxlanılmalı, qablaşdırılmasından, dondurulma üsulundan və saxlanma temperaturundan asılı olaraq dondurulmuş kəsmiyin yararlılıq müddəti 4 ayadək müəyyənləşdirilməli və istehsal müəssisəsindən buraxıldıqdan sonra ticarət şəbəkələrində mənfi 12 oC-dən yüksək olmayan temperaturda dondurulmuş kəsmiyin saxlanma müddəti ən çoxu 5 sutkayadək olmalıdır.
AZS 121-2004 “Xama. Ümumi texniki şərtlər” standartına olunan düzəlişə əsasən isə xama xüsusilə tez xarab olan ərzaq məhsulları üçün qüvvədə olan sanitariya qaydalarına riayət etməklə saxlanmalı, istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla konkret adda məmulatın yararlılıq müddəti istehsalçı tərəfindən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmış resepturalarda və ya texnoloji prosesi reqlamentləşdirən digər sənəddə müəyyənləşdirilməlidir.
Xamanın maksimal yararlılıq maddəti müsbət 4+20C temperaturda, havanın nisbi rütubəti 75% olmaqla 14 sutkayadəkolmalıdır.
Mənbə:ANS PRESS