Qadin.NET / Yüksələn dərd: təzyiq

Yüksələn dərd: təzyiq

 

Gizli ölümlərin əsasını oynayan təzyiq təşkil edir

Qan təzyiqi əksər insanların əziyyət çəkdiyi bir haldır. Tam olaraq xəstəlik kimi qeydə alınmasa da, təzyiqli insanların yaşamı heç də asan olmur. Daim oynayan təzyiqlə yaşayanlar isə hər an ölüm riski ilə üz-üzə qalır.
Buna baxmayaraq geniş kütlənin əziyyət çəkdiyi bu bəlaya çox az insan həssaslıqla yanaşır. Çünki təzyiq bəzən özünü hər hansı bir simptom ilə üzə çıxarmır. Kritik dövrdə xəstə artıq təzyiqi olduğunu öyrənir və bu mərhələdən sonra isə illərlə üzə çıxmayan təzyiqə qarşı biganə olur. Əslində isə təzyiqdən əziyyət çəkən hər bir insan risk altındadır. Təzyiqin dəqiq yaşı yoxdur. Bəzən 20 yaşlı gəncin belə yüksək təzyiqdən əziyyət çəkdiyi görülür. Hansı səbəbdən yarandığı bəlli olmasa da, ehtimallar çoxdur. 90% təzyiqli insanların təzyiqin nədən yaranması bilinmir. Təzyiq nə qədər də ciddiyə alınmasa da, infarkt və insultun böyük faizini təzyiq tutur. Statistika göstərir ki, hər 100 insandan 69-u infarkt, hər 100 insandan 76-nın insult keçirməsinə səbəb elə təzyiqdir. Həkim müayinəsində olmadan hər hansı preparatın qəbul edilməsi, təzyiqə diqqət olunmaması təzyiqin daha da yüksəlməsinə səbəb olur.
Kardiocərrah Mehman Sultanovun sözlərinə görə, yüksək və oynaq təzyiq əhalinin əziyyət çəkdiyi ən qlobal problemdir. Bəzən yaşı az olan yeniyetmələr belə olduqca yüksək təzyiqdən əziyyət çəkir və təzyiqin göstərdiyi simptomları cavanlıq yorğunluğuna bağlayır. Əslində isə təzyiq anidən qalxdığı kimi anidən yaranmır. Uzun illər gizli inkişaf edərək son həddə qorxulu bir hal alır: "Həkimə müraciət edən xəstələrin əksəriyyəti onlarda olan yüksək təzyiqi qəbul etmir. Hər 3 xəstədən, demək olar ki, 2-si özbaşına dərman preparatları qəbul edib təzyiqi normada saxlamaq üçün çalışır. Bir xəstə qrupu var ki, onlar sadəcə həkimə gəlməklə düzələcəyini hesab edir və yazılan dərmanları daha sonra qəbul etmir. Təzyiqin əhali arasında bu qədər geniş yayılmasının səbəbi də budur".
Həkim deyir ki, yorğunluğun və xəstəliklərin əlamətləri ilə eyni olan yüksək təzyiqin əlamətləri insanları çox vaxt çaşdırır. Elə bu səbəbdən də təzyiqin qalxdığını bilməyən xəstə müxtəlif vasitələrlə bu narahatlıqlardan qurtulmaq istəyir. Halbuki, bir neçə simptoma diqqət yetirərək təzyiqin yüksəldiyini başa düşmək mümkündür: "Baş ağrısı, başın dönməsi, ürəkdə sancmalar, yanaqların qızarması, nəfəs darlığı, qulaqlarda küyün yaranması, burun qanamaları, ürək ritmində oynamalar onu göstərir ki, artıq təzyiqdə yüksəlmə var. Bu zaman xüsusi təzyiq aparatı ilə sistolik (böyük təzyiq) və diastolik (kiçik təzyiq) təzyiqləri qeydə almaq lazımdır. Təzyiqin yüksəklik diaqnozunun qoyulması üçün ikisindən birinin normadan yüksək olması lazımdır. İdeal təzyiq 120-80 olaraq qeyd olunur. Normal təzyiq ideal təzyiqdən 5-9 ritm artıq ola bilir. İnsandan asılı olaraq normal, amma tibbi cəhətdən çox hesab olunan təzyiq 140-90, bundan yüksək olan rəqəmlər isə artıq yüksək təzyiq sayılır. Təzyiqin yüksəlməsi ciddi qəbul edilmir, amma bu, damarların daralmasına, ürəyin genişlənməsinə, ürəyi qidalandıran damarların tıxanmasına, beyin qanamasına, böyrək çatışmazlığına və bu kimi bir çox həyati risk daşıyan proseslərin yaranmasına səbəb olur".
Həmsöhbətimizin dediyinə görə, arterial təzyiqi olan insan özünü qorumalı, uzanmalı, yatmalı, az hərəkət etməlidir ki, təzyiq qalxmasın kimi fikirlər yanlışdır. Eyni zamanda alınan və qəbul edilən preparatların da düzgün seçilməsi vacibdir. Çünki yalnız düzgün təyin olunan preparat təzyiqi qaydasında saxlamağa qadirdir: "Təzyiq dərmanlarının sayı çoxdur. Təzyiq həbləri fərdidir. İnsandan insana onun təzyiq normalarına görə fərqlənir. Bu səbəbdən həkim tərəfindən preparat və dozanın təyin edilməsi vacibdir. Təzyiqi az olan insanların yüksək dozalı preparat qəbul etməsi özü belə təhlükədir. Bu qaş düzəldən yerdə göz çıxarmaq kimi bir şeydir".
Bəzi insanlardan "təzyiqim hətta 180-200-ə qalxanda, özümü normal hiss edirəm, bu, mənim "raboçi" təzyiqimdir" kimi ifadələri eşitmək olur. Bu insanlar fikirləşir ki, əgər hər şey normaldırsa, heç yeri ağrımırsa, müalicə etməyə də ehtiyac yoxdur. "Bu, çox təhlükəli yanılmadır. Tibbdə "raboçi" təzyiq kimi termin yoxdur. Yüksək təzyiq özünün heç bir əlamətlə bürüzə verməsə belə, xəstənin orqanizmində geriyədönməz patoloji dəyişikliklərə səbəb olur ki, bunların nəticəsində insan əlilə çevrilə bilər" deyən müsahibimiz bildirir ki, bundan əlavə, yüksək arterial təzyiq infarkt və insultun əsas risk faktorudur. Sağlam həyat üçün isə müayinə, göstərişsiz həb qəbul etməmə və daimi həkimlə kontakta olmaq çox vacibdir.

Mənbə:Milli.Az

 

13 mart 2015
GO BACK