Qadin.NET / Fazil Mustafanın müharibə xəbərdarlığı

Fazil Mustafanın müharibə xəbərdarlığı

 

Fazil Mustafanın müharibə xəbərdarlığı

Hamını düşündürən sualın manatla bağlı olduğunu bilmək üçün hər yerdə təşviş içində olan insanların suallarını eşitmək yetərlidir. “Bu işlərin sonu necə olacaq, manat qalxacaqmı, əmanətlərin vəziyyəti, maaşların, pensiyalar qalxıb-qalxmayacaq?” kimi suallar insanları narahat edən məsələlərin başında gəlir. Ancaq ciddi təhlil edəndə bir məqam daha bariz şəkildə anlaşılır ki, insanlar aldadılmaqdan daha çox gileylidirlər. “Niyə bunu aldadaraq etdilər, əhaliyə xəbərdarlıq edilmədi?” kimi fikirlər də üstünlük təşkil edir. 
ANS PRESS millət vəkili Fazil Mustafanın bu suallara cavabını təqdim edir:
"Əlbəttə, insanlara xəbərdarlıq deyəndə nəyi nəzərdə tutduqlarını özlərinə dərhal geri çevirmək olar. Hər kəsin qulağına durub pıçıldamayacaqlardı ki, sabah manatın kursu dəyişəcək və ya əvvəlcədən ərzaq məhsullarını alıb yığın evə ki, bahalaşma olacaq. Rusiya Krımı işğal edəndən sonra bu ölkəyə yönəlik sanksiyalar başlayanda artıq hər kəs Azərbaycanda da xəbərdar olmalıydı ki, əsas ixracatı neft və neft məhsulları olan Rusiyanı zəiflətmək üçün neft amilinə xüsusi diqqət yetiriləcək və bütün sanksiyaların ana mənbəyini neftin qiymətinin ucuzlaşması təşkil edəcək. Yəni müasir dövrün insanı anlamalı idi ki, neftin ucuzlaşması nəticəsində 90 faizdən yuxarı ixracatı neft və neft məhsularına bağlı olan Azərbaycanda da yaxşı heç nə baş verməyəcək. Yəni gözlənilənlər baş verdi. Neftin qiyməti 50-60 ABŞ dolları civarında var-gəl etməyə başlayanda artıq Azərbaycanda da manatın sabitliyinin qorunması siyasətindən əl çəkildi və milli valyutanın dollara nisbətdə ucuzlaşması baş verdi. Bundan sonra əhalinin daha da yoxsullaşması qaçınılmazdır, onsuz da vergi yükünü qaldıra bilməyən özəl sektora amansız bir zərbə dəyib, böyük layihələrin icrası çətinləşdi, banklardakı əmanətlər ucuzlaşdı, maaşlar 35-40 faizlik malların qiymətinin qalxması qarşısında inflyasiya yükünü qaldıra bilməyəcək vəziyyətə gətirildi. Bunlar manatın devalvasiyasının ortada olan hələ başlanğıc nəticələridir. 
Ancaq bu hadisənin bəlkə də sezməkdə çətinlik çəkdiyimiz bir müsbət nəticəsi var: Azərbaycan xalqı, cəmiyyəti kütləvi narahatçılıq yaşamağa, sabah barədə düşünməyə hamılıqla məcbur oldu. Varlısı da, yoxsulu da sanki illərlə arxayınlaşmışdılar ki, bu həyat beləcə sabit gedəcək. Rəsmi təbliğat da analoqsuz inkişaf, bölgənin lider dövləti, yenilməz ordu kimi epitetləri də gündəlik menyuda o qədər çox saxlamışdı ki, sanki artıq müharibə də bizim qələbəmizlə başa çatmışdı, sanki yüz il sonranın planlarını həyata keçirməyi düşünməkdən başqa yol qalmırdı. Əslində insanları bu deyimlər, lovğalıqlar, təriflər xeyli arxayınlaşdırmışdı. Bu sakitlik, bu sabitlik az-çox reallıqları anlayan, düşünən insanlarda narahtlıq yaratmaya bilməzdi. Lev Tolstoyun məşhur ifadəsini xatırlatmaq yerində olardı. Soruşanda ki, necəsən, cavab verirdi ki, “Allaha şükür, narahatam.” Məhz bu narahatsızlığın nəticəsidir ki, dünyanın harasında hansısa hadisə baş verirdisə, bizim reaksiyamız əksər vaxt özümüzlə müqayisə zəminində olmurdu. Ukraynanın şəhərlərinin Rusiya tərəfindən bir-bir dağıdılması və ölkənin hazırlıqsız müharibəyə yaxalanması, Liviyadakı, İraqdakı, Suriyadakı xaos, Misirdəki qarışıqlıqlar bizdə çox hallarda kənar ölkələrdə baş verən və bizə dəxli olmayan məsələlər kimi baxılırdı.
Artıq manatın devalvasiyası baş verdi. İnsanlar təşviş içində qoyduqları sualın cavabını tapa bilmirlər. Buyurun, işdir, birdən hazırda arxayın baxdığımız bu keçici sülhün devalvasiyası baş verərsə? O zaman müharibə təhlükəsi üçün təşviş keçirən cəmiyyət hamılıqla ayağa qalxıb kimi ittiham edəcək ki, niyə vaxtında xəbərdarlıq etmədiniz? Axı erməni hər gün gülləsini atıb xəbərdar edir ki, müharibə hələ bitməyib, bir də irimiqyaslı savaş ola bilər, indi hər kəs özünə sual versin ki, biz bu devalvasiyaya hazırıqmı?
Ona görə də illərdir ki, çalışmalarımızın ana xəttini insanların pafos borusundan gələn qidasını kəsməyə çalışırıq, daha realist olmalarını təlqin edirik.
Bu gün əslində manatın devalvasiyası ilə yanaşı iqtisadi populizmin devalvasiyası baş verdi, analoqsuz inkişaf pafosunun çöküşü baş verdi. Dövlət məncə anladı ki, xalqı dövlət həyatından hədsiz uzaq məsafədə tutmaqla böhran vəziyyətində təşviş, təlatüm yaşanmasına rəvac vermiş olur. Əgər insanlara alternativ seçim versən ki, manatın devalvasiyası yaxşıdır, yoxsa savaş nəticəsində Donbas kimi, Bağdad kimi, Hələb kimi şəhərlərəin xarabalığa çevrilməsi, əlbəttə ki, müqayisədə birinciyə üstünlü verərlər. Müqayisələr düşünən insanlar üçün var, düşünməyən insan baş verən faktın təsirindən, tüstüsündən çıxa bilmir. Çevrəmizdə ölən insanların çoxumuza ölümü xatırlatmadığı kimi, əlilə baxıb nə zamansa əlil ola biləcəyimizi düşünmədiyimiz kimi, var-dövlət hərisliyinin bir kəfən qədər dəyəri olmadığını anlamadığımız kimi... Budur illərdir arxayınlaşdırılan, laqeydləşdirilən bir cəmiyyət iqtisadi gerçəkliklərin və qanunauyğunluqların yaratdığı təlatümə hazır olmursa, demək ki, hələ ərazisi işğalda olan, fundamental problemləri çözülməmiş bir dövlətdə saxta ümid, analoqsuz müştəbehliyin azaldılması zərurətdir. İnsanları realizmə qaytarmaq lazımdır.Qısacası xalqı ritorika, pafos, yalan və illüziyalarla reallıq duyğusundan uzaqlaşdırmaq kritik anlarda ciddi təhlükələr ortaya qoya bilər. Ona görə də yeni tikilən yüzlərlə binanın altında hava hücumundan qorunmaq üçün sığınacaqlar nəzərdə tutulmur, köhnə tikililərin zirzəmiləri, mağazalar, barlardır. Ona görə orta məktəblərdə hərbi dərslər lazımi səviyyədə keçirilmir, ona görə də idman komplekslərinin qapısına qıfıl vurulur ki, fiziki hazırlıq bütün vətəndaşlar üçün əlçatmaz olsun, ona görə də yollar çəkiləndə nəinki ambulansların, yanğınsöndürən maşınların, hətta tankların hərəkəti düşünülmür. Ona görə mən hədsiz rahatlıqdan qorxuram, Qarabağı da hədsiz rahat olduğumuza görə itirdik. Bu rahatlıq bizdən hələ çox şeyləri də ala bilər.
Tolstoy kimi, “Allaha şükür, narahatam!” deyəcək bir cəmiyyət olmayınca vaxtında düşünüb problemlərimizi çözməyə canla-başla girişməyəcəyik.
Manatın devalvasiyası artıq baş verib. Bu gün arxayıncasına yaşadığımız keçici sülhün də yaxın zamanlarda devalvasiyası da baş verəcək. Milli Bank aldada bilər, çünki Milli Bankın ürəyi olmur, sadəcə pulu olur. Sağlam Düşüncə Bankı ürəklə işləyir- İnsan ürəyi ilə. Aldanmamaq üçün keçici sülhün devalvasiyasına, yəni müharibə risqinə hazır olmalıyıq."

 

Mənbə: ANS PRESS

26 fevral 2015
GO BACK