Qadin.NET / Mingəçevirə 10 milyon manat ayrıldı

Mingəçevirə 10 milyon manat ayrıldı

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin sürətləndirilməsinə və kommunal texnikanın alınmasına dair əlavə tədbirlər haqqında sərəncam imzaladı.

Milli.Az Azər tac-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Son illər Mingəçevirdə şəhərsalma prinsiplərinə ciddi riayət olunmaqla geniş abadlıq-quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 24 çoxmənzilli yaşayış binası müasir üslubda əsaslı təmir edilmiş, 22 nümunəvi məhəllə yaradılmış, parklar salınmış, şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənmiş, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulmuş, Gənclər Mərkəzi, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, otellər inşa olunmuş, yeni yollar çəkilmiş və hazırda bu işlər davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mingəçevir şəhərinin mənzil fonduna daxil olan daha 22 çoxmənzilli binanın əsaslı təmirinin həyata keçirilməsi və kommunal texnikanın alınması məqsədi ilə qərara alıram:
1. Mingəçevir şəhərinin mənzil fondunun əsaslı təmiri işlərinin daha da sürətləndirilməsi və kommunal texnikanın alınması məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Mənbə: Milli.Az

26 fevral 2015
GO BACK