Lakin əksər belə obyektlərdə nə pirojkilərin hazırlandığı şərait, nə də bişirilməsi tələblərə cavab vermir. Bunu elə apardığımız müşahidələr zamanı da gördük. Belə ki, həmin obeyktlərdə təmizliyə riayət olunmadan, satıcıların əlcək taxmadan işlədiklərinin, yağın dəyişdirilmədiyinin şahidi olduq.
Metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı pirojki bişirilən obyektlərdən birinin satıcısının sözlərinə görə, onların bu işlə məşğul olmaq üçün icazəsi var. Adını deməkdən çəkinən satıcı əlcəksiz işləyirdi və alıcılar üçün bir qabda tomatdan hazırlanmış ketçup qoyurdu. 3-4 alıcı da "bəh-bəh"lə pirojkini ketçupa batırıb yeyirdi. Ketçub qurtardıqdan sonra qabı yumadan belə yenidən ketçup əlavə edib qoyurdu. Satıcıdan qabı niyə yumadığını soruşanda isə alıcıların çox olduğunu və yenidən onsuz da qaba ketçup tökəcəyini bəhanə gətirdi. Yağın dəyişdirilməsinə gəlincə, satıcı bildirdi ki, 60-100 pirojki bişirdikdən sonra yağı dəyişir: "Gündə 2-3 dəfə yağ dəyişdirilir. Kartoflu və sosiskalı pirojkilər satıram. Alcılar da razı qalır".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası bölməsinin müdiri İmran Abdullayev jurnalistlərə bildirib ki, pirojkilərin qeyri-sanitar şəraitdə bişirilməsi və müştərilərə təklif edilməsi ağır xəstəliklərə səbəb ola bilər: "Orada ən böyük problem bir gün işlədilən pirojki qızartmaq üçün istifadə olunan yağın bir neçə dəfə istifadə olunmasıdır. Normada yağda 2-3 dəfədən artıq pirojki bişirmək olmaz. Belə ki, xəmir qırıntıları yağa düşdükdə yağda qovrulma getdiyinə görə, xəmir qırıntılarında sonradan kömürləşmə gedir. Yağı yanmış vəziyyətə gətirir".
İmran Abdllayev onu da bildirib ki, sanitariya qaydalarına əməl edilmədən fəaliyyət göstərən belə obyektləri cərimə gözləyir.
Qeyd edək ki, pirojki və digər xəmir məhsullarının satıldığı bu obyektlərdə sanitariya qaydaları pozularsa, obyekt sahiblərinə xüsusi cərimələr tətbiq olunur. Əgər obyekt sahibləri fiziki şəxsdirsə ona 100-200 manat, hüquqi şəxsdirsə, 200-400 manat cərimə tətbiq olunur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, istehlakçılar hər həftə 3-4 telefon zəngi edir və pirojkilərin keyfiyyətsizliyindən şikayətlənirlər: "Üstəlik məni günahlandırır və deyirlər ki, nə üçün pirojkilər antisanitar şəraitdə və düzgün qaydalara riayət olunmadan bişirilir? Belə hallar daha çox avtobus dayanacaqlarında, ona yaxın ərazilərdə yayılıb. Pirojki biznesi avtobus, taksi sürücüləri və dayanacaqda avtobus gözləyənlərə yönəlmiş biznesdir. Təhsil müəssisələrinin qarşısında və s. get-gəlin çox olduğu yerlərdə də belə obeyktlərə rast gəlinir. Pirojki təkcə cəld yemək olduğu və çox vaxt ayaqüstü yeyildiyi üçün təhlükəli deyil, həm də onun eyni yağda dəfələrlə qızardılmasına görə təhlükəlidir. Belə ki, təkrar qaynayan yağın tərkibində yanıq elementlərinin qalması mədə xərçənginə və digər xəstəliklərə gətirib çıxaran amillərdəndir. Xüsusilə də un məmumlatları yağın içərisində yananda o çox təhlükəli, zəhərli maddələr əmələ gətirir. İnsan orqanizmində toplaşır və arzuolunmaz qida sayılır. Təəssüflər olsun ki, İqtisadiyyat və Sənaye Nazirliyinin, Səhiyyə Nazirliyinin müvafiq qurumları bu işlərlə radikal mübarizə aparmağa qadir deyillər. Bunun da səbəbi var. Çünki ölkədə istehlakçıların hüquqlarının qorunması qanunvericiliyi çox zəifdir".
E.Hüseynov bildirib ki, pirojkilərin bişirilməsində istifadə olanan əlavə qida vasitələri, məsələn, ketçuplar da genetik modfikasiya olunmuş tərkiblidir: "Kartofların da hamısı GMO-dur. Pirojkilərin tərkibinə arzuolunmaz ət və ciyər də vururlar. Hələ qabların çirkli və plastik materialdan hazırlanmasını demirəm. Bütün bunların hamısı istehlakçıların həyatını təhlükə ilə üz-üzə qoyur".
Mənbə: EKSPRESS .Az