Qadin.NET / Polad Bülbüloğlu: "Canımla, qanımla Vətənimə bağlıyam"

Polad Bülbüloğlu: "Canımla, qanımla Vətənimə bağlıyam"

 

Bu sözləri Azərbaycanın xalq artisti, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu 70 illik yubileyi münasibətilə Moskvanın P.İ.Çaykovski adına konsert salonunda keçirilən gecənin açılışında “Azərbaycan” mahnısını ifa etdikdən sonra söylədi.

Səhnədə quraşdırılmış monitorlarda 70 illik şərəfli ömür yolunun səhifələri canlanırdı. Fotoşəkillərdə yubilyarın atası, SSRİ xalq artisti, Azərbaycan milli musiqi teatrının banilərindən biri, dahi Bülbül, yubilyarın uşaqlıq illəri, hazırda düşmən tapdağında olan qədim Şuşa torpağındakı ata-baba evi əks etdirilirdi.
Ulu öndər Heydər Əliyevi öz müəllimi hesab edən yubilyarın Azərbaycan xalqının Ümummilli Lideri ilə fotoşəkilləri salona toplaşanlar tərəfindən xüsusi hərarətlə qarşılandı.
Moskvanın məşhur konsert salonun səhnəsindən ötən əsrin sonlarının hitləri – Polad Bülbüloğlunun “Gəl ey səhər”, “Zəng et”, “Bənövşələr”, “Gözlərinə de ki...” mahnıları, “Məhəbbət və ölüm”, “Dədə Qorqud” baletlərindən fraqmentlər, simfonik orkest üçün “On xalq mahnısı” Rusiya Dövlət simfonik kinematoqrafiya orkestrinin ifasında səsləndirildi.
Orkestrin dirijoru, Rusiyanın xalq artisti Sergey Skripka P.Bülbüloğlunu təbrik edərək dedi: “Onun atası Bülbülün ifa etdiyi xalq mahnılarının Polad tərəfindən simfonik orkestr üçün işlənməsi olduqca füsunkardır. Bu əsərləri ifa etdikcə daha çox bəyənirəm”.
Gecənin aparıcısı, Rusiyanın və Azərbaycanın əməkdar mədəniyyət xadimi, musiqişünas, akademik Janna Dozortseva yubilyarın həyatandan bəhs edərək dedi: “Poladın ilk müəllimi onun atası olub. Dahi Bülbül oğluna xalqını, Vətənini, xalqının incəsənətini sevməyi öyrədib. Çünki incəsənət xalqın həyatını və tarixini əks etdirir. Polad fəxr edə bilər ki, onu bütün dünya tanıyır. O, özünəməxsusluğu, nadir musiqi duyumu ilə yadda qalır”.
Gecənin səbəbkarını tər güllərlə təbrik edənlər arasında Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Moskva hökumətinin departament rəhbəri Yuri Artyux və bir çox başqaları var idi.
Rusiya Federasiya Şurasının üzvü Vitali İqnatenkonun fikrincə, istedadlı insan bütün sahələrdə istedadlıdır. V.İqnatenko dedi: “Polad gözəl bəstəkar və ifaçı, həm də bacarıqlı diplomat və səfirdir. Belə bir insanın Azərbaycanı təmsil etməsi respublika üçün fəxrdir. Polad Azərbaycan xalqının parlaq nümayəndəsi və təbliğatçısıdır. Bu gün konsert salonunda ən müxtəlif millətlərin nümayəndələri var. Bu, təkcə Polad Bülbüloğluna deyil, bütövlükdə Azərbaycan xalqına hörmət və ehtiramın göstəricisidir. Qoy, Poladın yaradıcılıq şövqü hələ uzun illər bizləri sevindirsin”.
Polad Bülbüloğlunun yubiley təntənəsi Rusiyanın aparıcı KİV-lərinin də diqqət mərkəzində idi. Rusiya media nümayəndələrinin suallarını cavablandıran P.Bülbüloğlu dedi: “Gözəllik, xoş münasibət, sevindirici hadisələr yaşamaq həvəsimi daha da artırır. Təəssüf ki, müasir dünyada fərəhli hadisələr az, qəddarlıq çoxdur, hər tərəfdə qan axıdılır. Bu şəraitdə məni ailəm, övladlarım, nəvələrim, dostlarım sevindirir. Onların varlığından ruhlanıram”.
Moskva sevimli sənətkarın yubileyini təntənə ilə qeyd etdi. Növbə isə Bakıda, Tbilisidə və İstanbuldadır. Hələlik isə Rusiya paytaxtında keçirilən ilk yubiley tədbiri başa çatdı. Milyonların sevimlisi Polad Bülbüloğlunu tamaşaçılar səhnədən ardı kəsilməyən alqışlar, tər çiçəklərlə yola saldılar. O isə “75 yaşında görüşərik” dedi...

Mənbə: Milli.Az

24 yanvar 2015
GO BACK