Qadin.NET / Şokolad asılılıq yaradır

Şokolad asılılıq yaradır

 

Şokolad asılılıq yaradır

Uşaqlar üçün ən sevimli qidalardan biri, bəlkə də birincisi konfetdir. Ancaq istənilən konfet məhsulu uşaqlar üçün zərərlidir və müəyyən yaşa kimi konfetdən, ümumiyyətlə, istifadə məsləhət görülmür.

Araşdırmalar ümumi nəticələrdə göstərir ki, şokoladın hər çeşidi insan orqanizmi üçün yetərli bir miqdardan sonra zəhər olaraq yığılır. İstilikdə əriməyən və "damla" şokolad olaraq adlandırılan qara şokolad tipləri gündəlik 65-70 qram olaraq yeyilməsi nəzərdə tutulduğu halda, ağ, südlü, çərəzli və bu kimi daha da iştahlandırıcı dada malik olan şokoladlar gündəlik 25-30 qram miqdarında istifadə olunmalıdır. Şokoladın maraqlı xüsusiyyətlərindən biri də bir növ vərdiş yaratmasıdır. İnsana xoşbəxtlik hormonlarının sürətli axınını yaradan şokoladdan hər yaş təbəqəsi daimi xoşbəxt olmaq üçün istifadə edir desək yanılmarıq. Amma təəssüf ki, bəzən bu xoş vərdişə aludə olanlar uşaqlar olur.
Şokoladın zərərlərini pərdələmək məqsədi ilə zaman-zaman qarşımıza bir çox məlumatlar çıxır. Şokolad ürəyə xeyirdir, insanı xoşbəxt edir, bədəndəki çatmayan bir çox elementləri bərpa edir və s. Düzdür, bütün bunlarda doğruluq payı var, amma bunun üçün şokoladın miqdarı qeyd olunmur. Elə onu yeyənlər də bu miqdarla maraqlanmır. Məsələn, şokoladın ürəyə xeyri olduğunu bildirənlər artıq şokoladın piy və çəki yaratdığını, bunun da ürəyə birbaşa zərbə vurduğunu qeyd etmir. İnsanı xoşbəxt etdiyi iddia edilən şokoladın normadan artıq yeyilməsi zamanı bədəndə xolestrolun artması, dərinin selülitə meylli olması, doymuş yağların və artıqların bədənə toplanması, qara ciyərin zədələnməsi və s. ziyanları elə də işıqlandırılmır.Psixoloq Emil Behrudinin sözlərinə görə, uşaqları ən gözəl tərbiyələndirmək və onları şokolad və bu kimi zərərli qidalardan çəkindirməyin yolu elə düzlükdür. Bu cür düzlüklə yola gəlməyən və yenə şokolad istəyən uşaqlara isə kiçik hiylələrlə başa salmaq mümkündür ki, o ziyanlıdır və valideyn yemirsə, uşaq heç yeməməlidir: "Ziddiyyət o zaman yaranır ki, ana uşağına deyir, konfet olmaz və yoldaşına çayı şokoladla verir. Uşağın gözünün qabağında saatlarla dadlı konfet hansıdır deyə müzakirə edilir və mağazadan alınır. Evdə əl altında saxlanmayan şokolad qonaq gələndə ortaya çıxarılır. Uşaq şüuraltı konfetin yaxşı bir şey olmasını dəqiqləşdirir və artıq heç bir qüvvə onu şokolad istəyindən uzaqlaşdıra bilmir".
Psixoloqun fikrincə, konfet gizlədilməməli, daim uşağın əli çatacağı yerdə olmalıdır ki, onun konfetə marağı ölsün. Məcbur edərək almanı uşağa yedirə bilməyən ana bir müddət sonra konfetlə də eyni aqibəti yaşayacaq və artıq məcbur edilsə belə uşaq konfet istəməyəcək: "Körpənin ağlı kəsəndən şokolad masa üzərində olmalıdır. Onun gözünün qarşısında konfet yeyilməsə, o da heç vaxt yemək üçün israr etməyəcək. Oynadıb yerinə qoyacaq. Onun üçün konfetr arzu olaraq qalmayacaq. Axtarmayacaq. Bir müddət sonra konfet soyuducuya qoyulacaqsa, qara paketə bükülüb qoyulmalıdır. Uşağa siqnal göndərilməlidir ki, bu yaxşı qida deyil. Heç bir halda körpənin gözü baxa-baxa konfet yeyilməməlidir. Onun yerinə alma, kök və bu kimi xeyirli qidalar iştahla yeyilməli və əməllə uşaq tərbiyə olunmalıdır. Uşaqların başqa ailələrdə şirniyə əl uzatmasının qarşısını almaq üçün mütləq evdə şirniləri qadağasız və yaxından görməsi şərtdir".

Ekspress.Az

 

24 yanvar 2015
GO BACK