Qadin.NET / Azərbaycanda ət ucuzlaşır. Görəsən, niyə?

Azərbaycanda ət ucuzlaşır. Görəsən, niyə?

 

Son günlər ölkə ərazisində ətin qiymətində ucuzlaşma müşahidə olunur. Milli.Az-ın bölgə müxbirlərinin göndərdikləri məlumatlarda qeyd edilir ki, Tovuzda, Ağcabədidə, Xaçmazda, Şamaxıda dana ətinin satışında qiymət aşağı düşüb.

Bir ay bundan öncə dana əti rayonlarda 8-9 manata satılırdısa, hazırda bu qiymət 5-6 manata düşüb. Alıcılar da ətin ən ucuz satıldığı mağazalara üz tuturlar.
Şamaxıda rayon mərkəzi bazarında və bəzi kəsim yerlərində qiymətlər stabil olaraq 6 manatdan satılsa da, elə yerlər də var ki, dana əti alıcılara 5 manatdan təqdim olnur. Satıcılar satışdan, alıcılar isə ucuz qiymətdən razıdırlar. Bəzi satıcılar kəsdikləri heyvanları özləri saxlayır və qiyməti də bu cür tənzimləyirlər. Səhər kəsilən dana artıq günortaya qədər satılır. Hər mağaza gün ərzində 100-200 kq ət satır.Ağcabədi rayonu ərazisində də əvvəllər 8 manata satılan mal əti indi alıcılara 6 manata təklif olunur. Qoyun ətinin qiyməti isə 9-10 manatdan 8 manata düşüb.Satıcı Mobil İbadov deyir ki, ətin ucuzlaşmasına baxmayaraq, alıcıların sayı artmayıb. Əvvəlki vaxtla müqayisədə satışa daha çox heyvan çıxaran fermerlər isə bazarda alıcı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Fermer Sərvər Məmmədov bildirir ki, əvvəllər Ağcabədidə bir ədəd yonca bağlamasını 2 manat 50 qəpiyə, 3 manata alırdılarsa, indi bu göstərici 5 manatdır. Çəkilən xərc və zəhmət müqabilində verilən qiymətin aşağı olması səbəbindən isə əksər fermerlər heyvanlarını satışa çıxarırlar. Bu səbəbdən də bazarlarda heyvanların sayı çoxalıb.Fermerlər həm də çəkisi çox olan heyvanları satmağın xüsusilə çətin olduğunu deyirlər.Milli.Az ətin ucuzlaşması və bunun digər kənd təsərrüfatı məhsullarının qiymətinə necə təsir edəcəyi ilə bağlı kiçik bir araşdırma aparıb. Bunun üçün üz tutduq iqtisadi-ekspert Vüqar Bayramova.V. Bayramovun sözlərinə görə, ucuzlaşmanın əsas səbəbi birmənalı şəkildə təklifin artmasına görədir. "Ət məhsullarının ucuzlaşmasının başlıca səbəbi bazara çıxarılan ət məhsullarının həcminin artmasıdır. Məhz buna görə təklifin artması qiymətin azalmasına gətirib çıxarıb. Təklifin artması yalnız fermerlərin, sahibkarların hansısa xərclər səbəbindən öz məhsullarını bazara çıxarması ilə bağlı deyil, heyvandarlıqda müşahidə edilən artımla bağlıdır. Son iki ildə aqrar sektorda inkişaf müşahidə olunur ki, bu da təklifin artmasına gətirib çıxarır".Ekspert oxucuların nəzərinə çatdırıb ki, Azərbaycan ət məhsullarına olan tələbatın bir qismini Gürcüstandan idxal etməklə ödəyir."Əslində Avropadan Rusiyaya qoyulan embarqodan sonra güman edilirdi ki, Gürcüstan öz məhsullarının əhəmiyyətli hissəsini Rusiya bazarına çıxaracaq, amma bu da reallaşmadı. Çünki rublun məzənnəsinin aşağı düşməsi və Rusiyada alıcılıq qabiliyyətinin azalması, artıq Gürcüstan iş adamları üçün Rusiyanı cəlbedici etmədi. Məhz buna görə iş adamları malları Azərbaycanda satmağa üstünlük verdilər. Təklifin artması həm yerli istehsalın, həm də ölkəyə idxalın çoxalması ilə bağlıdır. Xüsusən qoyun ətinə olan tələbatın ödənilməsində Gürcüstanın idxalı əhəmiyyətlidir. Gürcüstanın qonşu ölkələrində milli valyutaların devalvasiyası Azərbaycan bazarını Gürcüstan iş adamları üçün daha cəlbedici etdi. Bu da təbii ki, idxalın artmasına gətirib çıxardı".Ekspert bildirib ki, istehlakda da müəyyən qədər azalmalar müşahidə olunub.

"Azərbaycan üçün ət məhsullarının istehlakı həmişə önəmli olub. Çünki Azərbaycan mətbəxində ət məhsulları daimi olaraq istifadə olunur. Ancaq son illər ət məhsullarının istifadədə azalması da müşahidə olunur. Bu da ət məhsullarının insan sağlamlığına ziyanlı təsiri ilə bağlıdır. Xüsusən gənc ailələr qırmrızı ətdən az istifadə edirlər və bunun əvəzinə toyuq və quş əti yeyirlər ki, bu da tələbin azalmasına gətirib çıxarır. Ailələrin qida rasionu dəyişir. Artıq azərbaycanlılar Avropa və insan sağlamlığına az zərər verən mətbəxə üz tutmağa başlayırlar. Məhz bunlara görə tələb azalır və qiymətlər düşməyə başlayır.Ət məhsullarının Bakıdakı qiymətləri ilə bağlı sualımızdan da yan keçməyən ekspert bu barədə təəssüflənərək bildirdi ki, Bakıda ciddi azalmalar müşahidə olunmayıb."Rayonlarda qiymətlərdə azalmalar olsa da, təəssüf ki, hələlik Bakıda ciddi azalmalara şahid olmamışıq. Bu da paytaxtda tələbin hələ də yüksək olması ilə bağlıdır. Bakıda təklif çoxalsa belə, tələb yüksəkdir. Amma nəzərə alsaq ki, Bakı üçün topdansatış qiymətləri rayondur, rayonlarda qiymətin azalması Bakıya da təsir edə bilər. Bu baxımdan güman olunur ki, rayonlarda qiymət azalması davamlı olarsa, o zaman Bakıda qiymətlərin azalmasını gözləmək mümkündür".
V. Bayramov sonda əlavə edib ki, digər kənd təsərrüfatı məhsullarının qiymətlərində ucuzlaşma yoxdur.
Mənbə: Milli.Az

23 yanvar 2015
GO BACK