Qadin.NET / 20 Yanvar faciəsinin görünməyən tərəfləri

20 Yanvar faciəsinin görünməyən tərəfləri

 

20 Yanvar faciəsinin görünməyən tərəfləri

Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinin 25-ci il dönümü gəlib çatdı. Bu dəfə ANS-in “Qızıl Fond”una istinad edərək, yanvarın 19-dan 20-nə keçən gecəni bir daha xatırlayaq.
Yanvarın 19-da artıq çoxları dəqiq bilirdi ki, Bakı ətrafında cəmləşmiş hərbi qruplaşma hər an hücuma keçə və atəş aça bilər. Çünki, ilk atəş ayın 17-dən 18-nə keçən gecə açılmışdı. Bunun izahını Bakının hərbi komendantı general Sokolov belə vermişdi. “Əmri mən vermişəm, girov götürülə biləcəyimdən qorxduğum üçün”. Əslində bu, ordunun hər an silah işlədə biləcəyinin ilk əlaməti idi. Amma həmin günlərdə əsas diqqət buna yox, Mərkəzi Komitənin qarşısındakı mitinqə yönəlmişdi. Yanvarın 19-u şəhər yenə mitinq ab-havasındaydı. Mərkəzi Komitədə isə nə Primakov, nə Girenko, nə də Vəzirov gözə dəyirdi. Bircə Polyaniçko və bir də içəridə 300-dən artıq rus əsgəri var idi.Etibar Məmmədovun sözlərinə görə, həmin vaxt o özü də bu binada olub və əsgərlərin onun gözü qarşısında atəş nöqtələrini necə tutduqlarını, pəncərələrin qabağında avtomat və pulemyotlar yerləşdirdiyini müşahidə edib. Onda Etibar Məmmədov Mərkəzi Komitənin ikinci katibinə deyib ki, onsuz da Vəzirovu hakimiyyətdən uzuqlaşdırmısız. Çıxıb bunu xalqa elan edin, mitinq də dağılsın.“O zaman Palyaniçko dedi ki, Vəzirov onsuz da gedib. Ancaq biz sizin istəyinizin nəticəsi kimi elan edə bilmərik” – deyə keçmiş AXC İdarə Heyətinin üzvü Etibar Məmmədov bildirib.
İşarə verilmişdi. Etibar Məmmədov isə deyir ki, bunu atəş nöqtələrini tutan əsgərlərin mitinqi dağıtmaq istəyi kimi qiymətləndirdim. O aşağı enib əhalinin artıq hərəkətə yol verməmələrinə nəzarət etməsi üçün milis işçilərini məlumatlandırdığını da deyir. Özü isə telestudiyaya tələsməliydi. Saat 8-də çıxışı vardı.
Televiziyanın enerji bloku saat 19:27 dəqiqədə partladılır. Saat 20-də isə Bakıda fövqəladə vəziyyətin tətbiq olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı imzalanır. Təbii ki, televiziya öz fəaliyyətin dayandırdığından fərman haqqında əhalini xəbərdar etmək mümkün olmur.
Beləliklə, yanvarın 19-dan 20-nə keçən gecə ordu Bakı üzərinə yeriyir. Hərbi qruplaşmanın tərkibinə 295-ci motoatıcı diviziya, 76, 104, və 106-cı qvardiya hava-desant diviziyalarının üç polku, xüsusi təyinatlı 22-ci briqada, Qara dəniz donanmasının 882-ci dəniz piyadaları batalyonu, DTK-nın 7-ci idarəsinin “Alfa” qrupu və s. hərbi hissələr daxil idi.
SSRİ hərbi birləşmələrinin Bakıya yeridilməsi nəticəsində paytaxtda və respublikanın rayonlarında 131 nəfər öldürülür, 744 nəfər yaralanır. Həlak olanların 124 nəfəri kişi, 7-si qadın, 7-si yetkinlik yaşına çatmamış uşaqlar idi. Sonradan ekspertiza müəyyən edir ki, qoşunlar tərəfindən tətbiq olunmuş MJV -13 güllələrinin ağırlıq mərkəzi dəyişdirilmiş, bu isə maneəyə toxunarkən güllələrin uçuş istiqamətini dəyişmişdi.
Təəssüf ki, 20 yanvar faciəsi dünyanın Mixail Qarbaçova münasibətini dəyişmir. Törətdiyi cinayətə görə beynəlxalq aləm onu qınamır. Əksinə, Buş və Tetçer bu münasibətlə onu təbrik edir. Can verməkdə olan bir ölkənin rəhbərini. İki il sonra Allah onu daha sərt cəzalandıracaq. İmperiya taxtından yerə salacaqdı.

 

Mənbə: ANS PRESS

20 yanvar 2015
GO BACK