Zeytun - çox qayğı tələb etməyən həmişəyaşıl ağacdır. Aralıq dənizinin sahillərində məskunlaşanlar - indiki yunan, ispan və italyanların əcdadları hələ bizim eradan əvvəl 5-ci minillikdə zeytun yetişdirirdilər. Qədim yunanlar bu qəribə ağacın yağını “maye qızıl” adlandırırdılar, çünki o, insan orqanizminə xeyli fayda verə bilir. Bəs hamımıza yaxşı məlum olan zeytun yağı nə üçün belə dəyərlidir?
“MAYE QIZIL”
Zeytunun ən yaxşı məhsulu onun yağıdır. Qədim romalılar şərabsız keçinməyi mümkün sayırdılar, amma, bu yağsız yox. Zeytun yağının tərkibində özəlliklərnə görə nadir, doymamış yağlı turşular - olein, linoleum və linolen var. Bu turşular heyvan yağlarından fərqli olaraq orqanizmə əhəmiyyətli faydalar verir: piylənmənin əsas səbəbkarı olan qlikemiyanın səviyyəsini aşağı salır, ürək və damar xəstəliklərini qabaqlayır, həzm orqanlarına səmərəli təsir edir, orqanizmin cavanlaşmasına səbəb olur. Zeytun yağında ziyansız xolesterinin olması qandakı ümumən zərərli olan xolesterin və triqliseridin səvyyəsini aşağı salır, “yaxşı” xolesterinin səviyyəsini artırır və bununla da ateroskleroz təhlükəsini azaltmış olur.
Bitki yağı kimi zeytun yağında ideal formul mövcuddur: maksimium dərəcədə mono doymamış, asan parçalanan yağlar və minimum möhkəm doymuş yağlar. Zeytun yağının tərkibində bundan başqa A, D, E vitaminləri də daxil olmaqla nadir vitamin kompleksləri var. Bu yağ hüceyrə qabığı üçün həm də inşaat materialı rolunu oynayır. İnsan orqanizmi bu turşuları ancaq qismən sintez edir, buna görə də uşaqlar bu yağdan müntəzəm istifadə edəndə sümüklərin inkişafı yaxşılaşır.
Həzm sistemimizin ən yaxşı köməkçisi
Zeytuna hələ lap əyyami-qədimdən şəfalı xüsusiyyətlər aid edirdilər. Həqiqətən də onun yarpaq və meyvələrində təzyiqi endirən maddə - oleuropein var. Düzdür, zeytunun qələvilərlə emalı onu xarab edir, buna görə də xalq təbabətində ancaq yarpaqların cövhərindən istifadə olunur.
Zeytun yağının həmçinin soyuqlama əleyhinə olan xassələri də çoxdan məlum idi. Onun əsasında çoxsaylı şəfa məlhəmləri hazırlanırdı. XIX əsrdə zeytun yağından ürək xəstəliklərinin profilaktikası üçün istifadə edilirdi.
Son illərin tədqiqatları bu yağın immun stimullaşdıran özəlliyini də bəlli edib. Və o, yüksək arterial təzyiqin normallaşması, qan laxtalarının yaranmasına qatılan yağ hüceyrələrinin məhvi, öd kanalının disfunksiyasını xəbərvermə, hüceyrələrin qocalmasının qarşısını almaqda gözəl rol oynayır.
Zeytun yağı həzm sistemimizin ən yaxşı köməkçisidir - mədə, bağırsaq, mədəaltı vəz və qaraciyərin işini yaxşılaşdırır, mədə və onikibarmaq bağırsaqdakı yaraların sağalmasına şərait yaradır. Yağ yumşaq zəiflədici təsirinə görə babasilin müalicəsi zamanı tövsiyə olunur. Qəbizlik və qarın işləməsindən əziyyət çəkənlərə səhərlər acqarına bir çay qaşığı zeytun yağı içmək fayda verər.
Zeytun yağı ideal kimyəvi tərkibinə görə hamilə və süd əmizdirən qadınlar üçün gözəl pəhriz vasitəsidir, çünki ana bətnində olan və təzə doğulan körpələrin beyninin düzgün inkişafına yardım edir.