Qadin.NET / İmtahanla bağlı yenilik

İmtahanla bağlı yenilik

 

İmtahanla bağlı yenilik

Buraxılış və qəbul imtahanlarında dəyişiklik edilib.ANS PRESSin Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlərin biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanında müəyyən dəyişiklik edilib. Belə ki, 2015-ci ildən buraxılış imtahanında XI sinif şagirdlərinin biliyi 2 deyil 3 fəndən yoxlanılacaqdır. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər. Hər fənn üzrə şagirdlərə 30 test tapşırığı təqdim olunacaq. 
Qəbul imtahanları üzrə: 
1) Ali və tam orta təhsil bazasında (11illik) orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarında müəyyən dəyişikliklər edilib. 
Belə ki, 2015-ci ildən etibarən 11-ci sinfi bitirən məzunların ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulu buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. 
Bu haqda daha ətraflı məlumat "Abituriyent" jurnalının 2015-ci il 1-ci sayında təqdim olunacaq. 
2) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4 ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir. Testologiyada belə tapşırıqlar qəbul proqramını daha dərindən mənimsəmiş, riyazi təfəkkürü və analitik təhlil qabiliyyəti güclü olan abituriyentlərin hazırlıq səviyyəsini bir-birindən fərqləndirmək üçün nəzərdə tutulub. Qəbul imtahanlarında 2010-2014-cü illərdə hər ixtisas qrupunda iki fəndən açıq tipli test tapşırıqlarından istifadə olunmuşdur. Qəbul imtahanlarında test bloklarına açıq tipli test tapşırıqlarının salınması pedaqoji ictimaiyyət tərəfindən mütərəqqi qiymətləndirmə vasitəsi kimi rəğbətlə qarşılanıb. 
Qeyd etmək lazımdır ki, TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarlarda dəfələrlə açıq tipli test tapşırıqlarının sayının artırılması təklifləri səslənmişdir. Bunları nəzərə alaraq, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır. 
Qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd açıq tipli test tapşırığının istifadəsi nəzərdə tutulur. Belə ki, I ixtisas qrupunda riyaziyyat, fizika və kimya; II ixtisas qrupunda riyaziyyat, coğrafiya və ana dili; III ixtisas qrupunda riyaziyyat, tarix və ana dili; IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən açıq tipli test tapşırıqları təqdim olunacaq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. 
Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcəkdir. Qeyd edək ki, bu yeniliklə bağlı “Abituriyent” jurnalının 1-ci sayında model testlər dərc olunacaq.

 

Mənbə: ANS PRESS

15 yanvar 2015
GO BACK