Qadin.NET / Ölkədə gediş haqları dəyişibmi?

Ölkədə gediş haqları dəyişibmi?

 

Yanvarın 12-də Azərbaycan Respublikası Tarif Şurasının keçirdiyi növbəti iclasında, Vergi Məcəlləsinə edilən dəyişiklik, nəticəsində ölkədə istehsal olunan benzinin, dizel yanacağının və maye qazın topdan satış qiymətinin  hər litrinə 2 qəpik əlavə edilib. Gündəlik ictimai nəqliyyatdan istifadə edənləri bu artım, təbii ki, maraqlandırıb. Gediş haqları dəyişibmi? Milli.Az Kəpəz televiziyasının (Region TV) bu barədə apardığı araşdırmanı təqdim edir. 
Yanacaq qiymətlərinin 2 qəpik artması ictimai nəqliyyatda heç bir qiymət artımı ilə müşahidə olunmayıb. Gəncədə səhər saatlarından xətlərə buraxılan marşrutlar, aldıqları yanacağın hər litrinə görə 2 qəpik əlavə ödəsələr də, gediş haqlarındakı qiymətlər dəyişməyib.  
İsa Quliyev - Dövlət Avtomobil Xidmətinin Gəncə Regional Şöbəsinin məsləhətçisi: “Sərnişindaşıma fəaliyyəti göstərən sahibkarların hər birinə xəbərdarlıq edilmişdir ki, gediş haqlarında  heç bir qiymət artımı ola bilməz. Gediş haqqı artımı yalnız Tarif Şurası tərəfindən tənzimlənir. Və qanun qüvvəyə mindikdən sonra qiymət artımı ola bilər”.
Sərnişinlər də təsdiqləyir ki, istifadə etdikləri ictimai nəqliyyatda gediş haqları sabitdir. 
Sərnişin: “Səhər tezdən 3-4 marşrutdan istifadə etmişəm, heç bir artım olmayıb. Əvvəlki qiymətlərlə, 20 qəpiyə getmişik”.
Apardığımız müşahidələr qiymət artımının yanacaqdoldurma məntəqələrində alıcı qabiliyyətinə, demək olar ki, təsir etmədiyini göstərir. 
İşçi: “Düzdür, qiymət artıb. Ancaq buna baxmayaraq satış gedir”. 
Tarif Şurasının qiymətlərə etdiyi son əlavələrdən sonra, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.

Mənbə:Milli.Az

 

14 yanvar 2015
GO BACK