Qadin.NET / Bakıda bəy-gəlin üçün yol boşaldırlar

Bakıda bəy-gəlin üçün yol boşaldırlar

 

Bakıda toy mövsümünün başlaması ilə bir sıra yollarda hərəkətin iflic vəziyyətinə düşməsi müşahidə olunur

Trend-in məlumatına görə, axşam saatlarında Bakının Nizami rayonunda Bəkir Çobanzadə və Rüstəm Əliyev küçələrində, eləcə də paytaxtın digər yollarında avtomobillərin hərəkəti mümkünsüz hala gəlir. Səbəb isə həmin yolların kənarında yerləşən çoxsaylı şadlıq sarayları istiqamətində “toy karvanları”nın, toylara gedən şəxslərin gediş-gəlişinin çoxluğu, şadlıq saraylarının qarşısında avtomobillərin qeyri-qanuni parklanmasıdır.
Bununla əlaqədar Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, bu gündən etibarən Bakının yol polisi "toy karvanları" ilə əlaqədar nəzarəti gücləndirəcək: "Paytaxtda saat 18:00-dan sonra bəy-gəlin cütlüklərini müşayiət edən “toy karvanları”nın hərəkəti zamanı yolun hərəkət zolaqları bütünlüklə tutulur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edilir, yol ayrıclarını keçmə qaydaları pozulur, yol boyu fasiləsiz səs siqnallarından istifadə edilir, həddən artıq asta sürətlə hərəkət edilir, avtomobillər yollara bitişik şadlıq evlərinin qarşısında qanunsuz park olunur. Karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində isə yollarda süni sıxlıq, tıxaclar yaranır. Bu isə paytaxt sakinlərinin narahatlığı və narazılığına səbəb olur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gündən toy mövsümü ilə əlaqədar nəzarəti və bu kimi eybəcər halların qarşısının alınması istiqamətində tədbirlərini gücləndirəcək”.
V.Əsədov toy sahiblərinə və “toy karvanları”nda iştirak edən avtomobil sürücülərinə xəbərdarlıq edir ki, bununla əlaqədar yol polisi əməkdaşları tərəfindən “toy karvanı”nın necə hərəkət etməsi ilə bağlı paytaxt ərazisində müşahidələr aparılacaq, onların hərəkəti, eyni zamanda, yollardakı nəzarət-müşahidə kameraları vasitəsilə izləniləcək: “Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahibləri və sürücülərinin, xüsusilə toy sahiblərinin, eləcə də avtomobillərini şadlıq evlərinin qarşısında qanunsuz saxlayanların nəzərinə çatdıraraq tövsiyə edir ki, hərəkət zamanı "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət edilsin və yol hərəkətinin digər iştirakçılarına süni maneələr yaradılmasın. Əks halda, toy karvanlarında hərəkət boyu hər hansı bir nöqsan yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq kimliyindən asılı olmayaraq qanunu pozan istənilən şəxs barəsində dərhal müvafiq cəza tədbirləri görüləcək".
İdarə sözçüsü bir daha toy sahiblərinə müraciət edərək "toy karvanları"nda iştirak edən avtomobillərin sayının azaldılmasını tövsiyə edib: "Toy sahibləri elə bil ki, digərləri ilə yarışa çıxıblar ki, kimin “toy karvanı”nda daha çox və daha bahalı maşınlar olacaq? Məgər “toy karvanı”ndakı avtomobillərin sayının çox və bahalı olması yeni ailə həyatına başlayanları xoşbəxt edəcək? İndi yeni bir şey yaranıb. “Toy karvanı”nda gedən avtomobillərin biri yolu bağlayaraq bəy-gəlin cütlüyü üçün yolu boşaldır. Elə bil ki, yolla hansısa dövlətin başçısının korteji keçir. Bu, yalnız ikrah hissi doğurur".
Bölmə rəisi bir daha toy sahibi olan və toya gedən avtomobil sürücülərinə yollarda hərəkət edən zaman diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib.

Mənbə: Milli.Az

 

7 yanvar 2015
GO BACK