Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində avtomobil yolu çöküb. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Neftçi Qurban küçəsi, 110 ünvanında – "Panorama" otelin qarşısındakı yolda baş vermiş çökmənin səbəbi artıq məlumdur. Ətrafda yaşayan sakinlərin bildirdiklərinə görə, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin binası söküləndən sonra həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. Elə tikintiyə başlanandan bəri yolda çökmə prosesi başlayıb. Yolun alt hissəsi qazılıb, uçurum əmələ gəlib. Bu səbəbdən də yol dənizə tərəf sürüşür və hər gün dərin çatlar əmələ gəlir. Sürüşmə nəticəsində ərazidən keçən su boruları, kanalizasiya xətti zədələndiyi üçün dəfələrlə həmin ərazini su basıb. Aparılan kosmetik təmir işləri təhlükənin qarşısını ala bilməyib.
Təqdim etdiyimiz videodan da göründüyü kimi, ərazidə yol iki hissəyə bölünüb. Yolun eyni hissəsinin bir-biri ilə hündürlük fərqi 20 sm-ə çatır. Maşınlar sanki dərin çökəyə düşürmüş kimi qəflətən təhlükə ilə üzləşirlər.
Burada tikilən binanın sifarişçisi "Rossler İntro" MMC, layihəçi "Gentechs" MMC, podratçı isə "İnşaatçı" şirkətidir. Ərazidə 18-mərtəbəli yaşayış binası tikilir. Hər halda, məlumat lövhəsində belə yazılıb. Tikintiyə bu ilin mayında başlayıb.
Sakinlər bildirirlər ki, yolda çatlar və sürüşmə prosesi hər gün sürətlə artır. Artıq vəziyyət o yerə çatıb ki, burada uçqun təhlükəsi yaranıb. Çünki yolun lap yaxınlığı bir neçə metr dərinlikdə qazılıb. Bu o deməkdir ki, yolun alt hissəsi havada qalıb.
Ərazi hasara alandığı üçün aparılan tikinti işlərini görə bilmədik. Yolun alt hissəsindəki vəziyyətlə də tanış olmaq mümkün deyil. Çünki hündür hasardan heç nə görünmürdü. Görünən budur ki, yol çöküb və ciddi təhlükə var.