Qadin.NET / Gözləmək iztirabı

Gözləmək iztirabı

 

 

Bəzi insanlar nəyisə gözləyərək yaşayırlar. Onların gözlədikəri olsa da, olmasa da, dolğun həyatla yaşaya bilmir, yenidən nəsə başqa şey gözləməyə başlayırlar.
Psixoloq Jalə Həmidlinin sözlərinə görə, tez-tez gözlədiklərimiz yerinə yetmir: "Ona görə də gözləyərək yaşayan insan indi uduzur. Vaxt keçəndən və ümidləri puç olandan sonra insan həyatdan küsür. Gözləyənədək yaşadığı günləri isə mənasız keçir".
Həmidli deyir ki, insan nəyisə gözləyərkən vaxtı qabaqlayır və həyatın gedişatını ötməyə çalışır: "İndiki zamanda deyil, gələcəyimizdə xoşbəxt və tam mənada yaşayırıq. İndi isə sadəcə "gözləmə zalı"ndayıq. Həyata bu cür yanaşma tərzi ona görə düzgün deyil ki, sabahın necə olacağı heç kimə məlum deyil. Heç kim bir ay sonra dəqiq havanın necə olacağını, dünyada nəyin baş verəcəyini, hansı hadisələrlə üzləşəcəyini bilmir".
Bəzən insanlar bütün ümidini gözlədikləri nəyəsə bağlayırlar. Belələri əslində gerçəkliyi qəbul edə bilmir. Həyatın əslində ona nə verəcəyini görmək istəmir və həyata baxışını, arzularını gözlədiklərinə əsasən qurur. Gözlədikləri alınmayanda isə stress keçirir, bundan sonra necə yaşayacağını bilmir.
J.Həmidli bildirib ki, insan nəyinsə olacağını gözləyəndə diqqətini onda cəmləyir: "Daim gözlədiyi haqqında düşünür və ətrafa baxmır. Amma bunu etməməli, yan-yörəsinə də baxmalıdır. Bəlkə daha yaxşı və ona xoşbəxtlik gətirən yollar var".
"Gözləmək insana əzab verir. Bu səbəbdən də bacardıqca tez bir zamanda gözləmək vərdişindən əl çəkmək lazımdır. Gözləmək insana ağrı gətirir. Özünüzə bu günlə yaşamağa imkan verin. Həyatı qabaqlayıb gələcək həyatınız barədə düşüncələrdə ifrata varmayın. Gözləmək xəyal dünyasına qapılmaqdır. Xəyallarda qurduqlarınız isə gerçəkləşmədən dağıla bilər. Nəsə dağılanda isə insana həmişə pis təsir edir" deyən həmsöhbətimizə görə, bəzən ünsiyyətdə olduğu insanların da dəyişəcəyini gözləyirik: "Amma başqa insanların davranışını, nə etdiyini olduğu kimi qəbul etmək lazımdır. İnsanları dəyişdirməyə çalışsazda bunun mümkün olacağına çox ümid etməyin. Çox nadir hallarda bu mümkün olur. İnsanlar tədricən həyatın gedişatı ilə dəyişə bilirlər".
Elə də olur ki, həyat istədiyimiz kimi getmir. Bunu qəbul etmək istəmədiyimiz və hər şeyin daha yaxşı nəticələnəcəyinə inanmaq üçün özümüzü gözləməklə sakitləşdiririk. Ona görə ki, hadisələr bizim qurduğumuz ssenari ilə getmir, bizi kədərləndirən və bədbəxt edən maneələr var. Həmin maneələri ehtiyatla keçmək lazımdır.
Psixoloq məsləhət görür ki, gözləməyə son qoyun: "Gözləməyiniz ağır bir yükü daşımağınıza bərabərdir. Uzun müddət daşıyırsızsa, o, sizi tamamilə gücdən salıb. Yükü kənara atdıqdan sonra özünüzə gəlmək üçün vaxt lazım olacaq. Gözləməkdən özünüzü azad edin. Bu, sizi əzablardan qurtaracaq. "Qoy filan şey baş versin, sonra mən bunu edəcəyəm", "Bu baş verəndə hər şey dəyişəcək" deyib yaşamayın. İndi edin və indi yaşayın. Bu sizə yaşamağa güc və motivasiya verəcək".
Adətən kimsə gözlədiyi bir hadisənin olacağına əmindirsə, bu olmayanda özünü "axı, niyə gözlədiyim olmadı" sualı ilə yorur. Psixoloq bildirir ki, bu, ona görə baş vermədi ki, həyatı olduğu kimi qəbul etmək istəmirdiz. "Həyatda öz qaydalarınızı qoymağa, baş verən hadisələrə fikir verməməyə çalışırdız".
Heç gözləmədən yaşamaq olurmu? Psixoloq bildirib ki, həyatı yaxşılığa doğru dəyişməyə çalışmaq, məqsədyönlü olmaq yaxşı haldır. "Amma bütün diqqəti bunda cəmləmək düzgün deyil. Bu günlə yaşamaq, bu gündən zövq almaq, bu gün və indi düzəlməyə və daha yaxşı olmağa çalışmaq lazımdır. Gözlədikləriniz alınmadıqda stresslə üzləşsəz belə, tez özünə gəlmək və normal həyat tərzinə qayıtmaq üçün özünüzü dəyişikliklərə alışdırın. "Mütləq belə olmalıdır" fikri insanı çıxılmaz vəziyyətə salır. Həyatda baş verənləri qəbul etməyi, dəyişikliyə adaptasiya olmağı öyrənmək lazımdır".
Həmidli məsləhət görür ki, siz gözləyərkən yaxınlarınızın sizə ehtiyacı olduğunu düşünün. Onlara gələcəkdə deyil, indi lazımsız. İndiki zamana, sahib olduqlarınıza dəyər verin. Onlar keçmişə çevrilib yalnız xatirələrinizdə qalacaq. Daha yaxşı olacağını gözləyərək sizə aid olan şeyləri dəyərsizləşdirir və itirə bilərsiz.
Necə də çalışsaz bilirsiz ki, indi olan şeylər keçib gedəcək. Həyatdan yaşadıqca zövq almağı, sevinməyi, dəyişikliyi gözləməməyi öyrənin. Dəyişiklik onsuz da gələcək, onu qəbul edərək adaptasiya olmağa özünüzü hazırlaşdırın.

Mənbə: Milli.Az

4 dekabr 2014
GO BACK