Qadin.NET / Ermənistan məhsullarını alardınızmı?

Ermənistan məhsullarını alardınızmı?

 

“Onların dərmanından belə istifadə etmək olmaz”

Müharibə aparan ölkələrdə adətən belə bir fikir formalaşır ki, bu ölkələr bir-birinin məhsullarından imtina etməlidir. Ancaq bunun əksini düşünənlər də olur. Məsələn, ABŞ və SSRİ arasında soyuq müharibə zamanı sovet vətəndaşları Amerikanın cins şalvarlarını geyinir, Amerika isə Rusiyanın arağından istifadə edirdi. Hazırda Azərbaycanla Ermənistan arasında savaş getdiyi bir vaxta Bakıda Ermənistan, İrəvanda isə Azərbaycan məhsullarının satılması barədə xəbərlər var.
Maraqlıdır, tanınmışlar Ermənistan məhsulu ilə rastlaşsalar, o məhsulu alar, istifadə edərlərmi? 
Müsavat Partiyası başqanının müavini Elman Fəttah Ermənistan məhsullarından uzaq olduğunu dedi: “Ermənistanla Azərbaycan arasında ticarət qadağası var. Azərbaycanda Ermənistan məhsullarının heç biri satılmamalıdır. Biz bu məsələlərdə həssas insanlarıq. Ona görə də Ermənistanın hər hansısa bir məhsulu qarşımızı çıxsa belə, istehlak etmərik. Həm də Ermənistanın yüksək keyfiyyətli tanınmış bir markası da yoxdur ki, ondan imtina etmək xüsusi bir fədakarlıq tələb etsin”.
ADP sədri Sərdar Cəlaloğlu Ermənistanın nəinki məhsulundan, onun dərmanından belə, istifadə edilməyin yanlış olduğunu dedi: “Ermənistan məhsulları ümummilli səviyyədə boykotdur. Vaxtilə Hindistanda Mahatma Qandi ingilis mallarını boykot etməklə Hindistanı müstəqil edib. Buna görə də əgər biz Ermənistana qarşı boykot siyasəti aparırıqsa, Azərbaycan vətəndaşları bir nəfər kimi bu boykotda iştirak etməlidir. Siqaret yox, lap dərman belə olsa, ondan imtina edilməlidir. Amma əgər rəsmi boykot yoxdursa, dolayısı yolla, üçüncü dövlətlər vasitəsilə bu məhsullar bizə gəlir. Məsələn, Gürcüstan bizdən nefti alır satır Ermənistana. Eyni zamanda da Ermənistandan arağı, siqareti alıb satır Azərbaycana. Boykot məsələsinə tam nəzarət olmadığına görə Ermənistan qeyri-qanuni də olsa, blokada şəraitindən çıxmağa cəhd edir”.
S.Cəlaloğlu bildirdi ki, Ermənistan iqtisadiyyatının güclənməməsi üçün Azərbaycan vətəndaşlarının onların istehsal etdiyi heç bir şeyi almamalıdır: “İslami nöqteyi-nəzərdən də bir xristian ölkəsində istehsal olunan və təmizliyi, halallığı bilinməyən bir məhsuldan istifadə müsəlman üçün günahdır, haramdır”.
Deputat Fazil Mustafa isə bildirdi ki, ancaq ermənilərin nəşr etdiyi hansısa kitabı ala bilər: “Azərbaycanda istehsal olunan siqaret və arağın Ermənistana satılmasına müsbət baxıram. Ona görə ki, siqaretə və arağa nifrət edirəm. Bunun kimi zərərli şeylərin Ermənistana verilməsinə yaxşı baxıram. Ona görə də məsləhət görürəm ki, iş adamları istehsal etdikləri siqareti, arağı, hətta kolbasanı Ermənistana göndərsinlər. Ancaq Ermənistandan Azərbaycana məhsul gətirilməsinin əleyhinəyəm. Məhsulun ermənisi, rusu olmur. Məhsulun keyfiyyətlisi olur”.
F.Mustafanın İrəvanda rus dilində nəşr olunan hansısa kitabı alardı: “Əgər erməni dilini bilsəydim, bu dildə olan kitabı da alardım. Kitabı erməninin və ya ingilisin buraxmasının heç bir fərqi yoxdur. Yaxşı kitabdırsa, alardım. Biz müharibə aparırıq deyə ermənilərin istehsal etdiyi hər şeyi boykot etməli deyilik. Dünya açıq dünyadır və hər kəs istədiyi məhsulu ala bilər”.
Siyasi şərhçi Azər Rəşidoğlu bildirdi ki, xarici ölkələrdə səfərdə olarkən, Ermənistan məhsulları ilə rastlaşa bilərik: “Düşünmürəm ki, Ermənistan məhsullarını almaqda vətənə xəyanət elementləri var. Yadıma "Baharın 17 anı" filmindəki maraqlı bir səhnə düşdü. Himler Şellenberqdən soruşur ki, siz düşmənin istehsal etdiyi “Camel” siqaretlərini haradan alırsınız? Şelenberq cavab verir ki, bu ölkədə düşmən siqareti çəkənə “vətəni satırsan” damğası vurulur. SSRİ və ABŞ arasında soyuq savaş getdiyi zamanlarda SSRİ-də hamı Amerikanın cins şalvarlarını geyinirdi, Amerika saqqızı çeynəyirdi. ABŞ-da isə Rusiya arağını içirdilər. Bu savaşa təsir etmirdi. Vətənpərvərlik düşmənin qarşısına mərdliklə çıxmağı tələb edir, kimin hansı siqareti çəkməsi onun vətənpərvərlik göstəricisi ola bilməz".
Müğənni Əli Mirəliyev isə deyir ki, əslində ermənilərin heç nəyi yoxdur: “Mən vaxtilə Tiflisdə, Ermənistanda konsertlərdə çox olmuşam. Ermənilərin heç musiqiləri də yoxdur. Ermənilər xalq deyil. Ermənilərin konyakına da, siqaretinə də digər məhsullarına da tüpürüm. Heç vaxt onların heç bir məhsulunu almaram. Bizim gözəl Gəncə konyakımız dura-dura erməninin konyakını niyə alım ki?” 

Mənbə:Milli.Az

 

30 noyabr 2014
GO BACK