Qadin.NET / BAŞ-saytını Azərbaycan idarə edəcək

BAŞ-saytını Azərbaycan idarə edəcək

 

BAŞ-saytını Azərbaycan idarə edəcək

 

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Dubayda keçirilən İcraiyyə Komitəsinin iclasında Assosiasiyada Antikorrupsiya Şəbəkəsinin yaradılması qərara alınıb. Azərbaycanın BPA-nın fəaliyyətinə verdiyi dəyərli töhfələr, eləcə də beynəlxalq antikorrupsiya mübarizəsində təşəbbüskarlığı nəzərə alınaraq həmin şəbəkənin və hazırlanacaq müvafiq saytın idarə edilməsi ölkəmizə etibar olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 23-dən 27-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 120-yə yaxın dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının illik yığıncaqları, o cümlədən BPA-nın rəhbər orqanları olan İcraiyyə Komitəsinin və Senatın iclasları keçirilib.

Keçirilən tədbirlərdə ölkəmizi Assosiasiyanın fəxri üzvü və senatoru, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, həmçinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşları daxil olub.

Konfransın təntənəli açılışında Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir, Dubay Əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Rəşid Al Maktum iştirak edib. Mərasimdə Assosiasiyanın ərəb dilində saytının təqdimatı keçirilib. Qeyd olunmalıdır ki, BPA-nın internet saytı ingilis, fransız və rus dillərində mövcud idi və rus dilində səhifə 10 ildən çoxdur ölkəmiz tərəfindən idarə olunur.

Dünyanın 100-ə qədər dövlətindən 500-ə yaxın nümayəndənin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin qatıldığı bu mötəbər tədbirdə Dubayın Baş prokuroru Essam Essa Al Humaidan və Assosiasiyanın prezidenti Qerhard Yaroş giriş nitqi ilə çıxış ediblər. Konfransda qanunun aliliyi, şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə, beynəlxalq əməkdaşlıq, yuvenal ədliyyə, müasir İKT-lərin tətbiqi və digər aktual məsələlər müzakirə edilib.

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri fəal iştirak edərək dövlət başçısı İlham Əliyevin qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirləri, əldə olunmuş nailiyyətlər barədə məlumat veriblər. Bundan əlavə, şəffaflığın təmin olunması ilə bağlı yaxşı təcrübələrə həsr olunmuş seminarda ölkə rəhbərinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinə dair Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul işçisi Azad Cəfərli tərəfindən təqdimat keçirilib, videoçarx nümayiş etdirilib, əyani vəsaitlər paylanılıb. “ASAN xidmət”in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti, korrupsiyanın qarşısının alınmasında önəmli rolu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanaraq təqdir olunub.

Senatın iclasında iştirak edən nazir F.Məmmədov Assosiasiyanın gələcək inkişafı, mühüm və mürəkkəb məsələlərin həllində Senatın rolu, yeni perspektivlər və s. məsələlər üzrə çıxış edərək konkret təkliflər verib və onlar qəbul ediliblər.

Eyni zamanda, İcraiyyə Komitəsinin iclasında təşkilati məsələlərə baxılıb, tədbirdə qurumun üzvü K.Əliyev iştirak edib. Ümumi Yığıncaqda isə İcraiyyə Komitəsi üzvlərinin yerinə seçkilər keçirilib, habelə təltif olunma mərasimi təşkil olunub və Azərbaycan nümayəndə heyətinin üzvü, Baş Prokurorluğun məsul işçisi R.Haciyev Assosiasiyanın işində fəal iştirakına görə BPA-nın Xüsusi Xidmətlər Sertifikatına layiq bilinib.

Konfrans zamanı BƏƏ, Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstanın Baş prokurorları, bir sıra digər dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri, beynəlxalq təşkilatların məsul nümayəndələri ilə ilə görüşlər keçirilib, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

 Mənbə: Trend.az

27 noyabr 2014
GO BACK