Hazırda Brent markalı neftin bir barelinin qiyməti 80 dollar ətrafındadır. Son iki gündə isə bir qədər yüksəlmə müşahidə olunur. Brent markalı neftin 1 barelinin dəyəri 1,03 dollar bahalaşaraq 80,36 dollar olub.Bəs neftin qiymətinin düşməsinin Azərbaycanda benzinin qiymətinə təsiri ola bilərmi? Neftin qiyməti benzinin qiymətinin aşağı düşməsinə səbəb ola bilərmi?Milli.Az bununla bağlı iqtisadçı ekspert İlham Şabanla əlaqə saxlayıb.İ.Şaban açıqlamasında neftin qiymətinin düşməsinin ancaq 95 markalı benzinin qiymətinə təsir edə biləcəyini bildirdi.Onun sözlərinə görə, 95 markalı benzin idxal olunduğundan onun qiymətinin aşağı düşmə ehtimalı böyükdür:
"Benzinin qiymətinin düşməsinin ancaq 95 markalı benzinə təsiri ola bilər, çünki o, idxal olunur. Sonuncu dəfə, səhv eləmirəmsə, oktyabrın əvvəllərində qiymət dəyişdi. Ola bilər, bu ayın axırında da qiymət dəyişsin. Daxili bazarda isə bu mümkün deyil, bizim daxili bazarın dünya bazarı ilə əlaqəsi yoxdur. Yəni bu baxımdan daxili bazarı dünyadakı tendensiyalarla bağlamaq heç məntiqə də uyğun deyil. Ona qalsa, neftin qiyməti qalxacaqsa, gərək benzinin də qiyməti qalxsın".Dizelin qiymətinə gəldikdə isə İ.Şaban xatırlatdı ki, dizeli özümüz istehsal etdiyimizdən onun qiymətində hər hansı dəyişiklik gözləmək olmaz.
"Dizeli özümüz istehsal edirik deyə bütün bu proseslərin dizelə də aidiyyatı yoxdur. Dizeli də ixrac edirik. Məsələn, 98 markalı faktiki olaraq ölkəyə gətirilmir, tələbat yoxdur".
95 markalı benzinin qiymətinin nə qədər düşəcəyinə gəldikdə isə ekspert vurğuladı ki, bu, treyderlərdən asılıdır. "Sonuncu dəfə 97 qəpikdən 95 qəpiyə düşmüşdü. İndi də yəqin ki, yenidən 2-3 qəpik düşə bilər".Xatırladaq ki, Azərbaycan hökuməti gələn ilin büdcəsində neftin qiymətini 90 dollar müəyyənləşdirib.
Mənbə: Milli.Az